İlham Şaban: “SOCAR-ın Azərbaycandan kənarda həyata keçirdiyi əməliyyatlar kommersiya xarakteri daşıyır və maksimal gəlirin əldə edilməsinə yönəlib”
SOCAR planlı olaraq öz biznesini genişləndirir, eləcə də Gürcüstan, Türkiyə, Ukrayna, İsveçrə, Rumıniya və bir sıra ölkələrin bazarlarında öz mövqelərini möhkəmləndirir. Bu arada məlum olub ki, SOCAR Almaniyanın EWE energetika şirkətinin Türkiyədəki aktivlərinin alınmasını 2019-cu ilin ilk rübündə yekunlaşdırmağı planlaşdırır. Bunu danışıqlara yaxın olan mənbə bildirib. Qeyd olunur ki, alış ilk rübdə yekunlaşdırılacaq.
Türkiyə KİV-lərinin məlumatına əsasən, söhbət EWE-nin bu ölkədəki törəmə şirkəti “EWE Turkey Holding”in “Bursagaz”, “Kayserigaz”, “EWE Enerji” və “Enervis” şirkətlərindəki payından gedir. Sövdələşmənin dəyərinin 140 milyon dollar təşkil etdiyi deyilir.
Bundan əvvəl EWE şirkətindən bildirilib ki, şirkətin Türkiyədəki aktivlərini satmaq barədə qərarı fəaliyyətinin optimallaşdırılması ilə bağlıdır.
Qeyd edək ki, “EWE Turkey Holding” 2007-ci ildə Türkiyə bazarına daxil olub. EWE “Bursagaz” və “Kayserigaz”da 80 % paya sahib olub. Bu şirkətlərdə “Çalık Enerji”nin 10 %, müvafiq bələdiyyələrin isə 10 % payı var.
Görünən odur ki, SOCAR-ın Türkiyədəki investisiya zənciri neft-kimya, neft emalı və təbii qaz sektorunda formalaşıb. Bu zənciri tamamlamaq üçün Almaniyanın EWE şirkətinin Türkiyədəki qazpaylama hissələrinin alınması üçün təklif verilib. Təbii qazpaylama SOCAR-ın Türkiyədəki investisiya zəncirini tamamlayacaq sahələrdən biri olacaq.
Onu da qeyd edək ki, EWE şirkəti illik 1 mlrd. kubmetr həcmində qazpaylama əməliyyatı həyata keçirir. Ancaq “Petkim” və STAR neft emalı zavodunda təxminən 3,5-4 mlrd. kubmetrlik qaz istehlakı nəzərdə tutulub. Bu isə Türkiyənin, ümumilikdə, qaz istehlakının 7-8 %-ni təşkil edir. Ona görə də SOCAR təbii qaz paylanmasını öz işlərinə inteqrasiya etmək niyyətindədir.
Bütün hallarda, SOCAR-ın Türkiyənin qazpaylayıcı şəbəkəsində iştirakını ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban buna müsbət prizmadan yanaşdı: “Əvvəla SOCAR, praktiki olaraq, 2007-ci ildən Azərbaycanın hüdudlarından kənarda öz biznesini inkişaf etdirməyə başladı. Bu, şirkətin qonşu Gürcüstan bazarlarına çıxışından sonra baş verdi. Burada SOCAR öz təbii qazının satışını həyata keçirdi. SOCAR-ın Azərbaycandan kənarda həyata keçirdiyi əməliyyatlar kommersiya xarakteri daşıyır və maksimal gəlirin əldə edilməsinə yönəlib. Bu, SOCAR-ın biznes coğrafiyasının genişlənməsi üçün səmərəli bünövrə yaradır və şirkətin öz biznesinin diversifikasiyasına xidmət edir. Əvvəl şirkət sırf neft-qaz biznesi ilə məşğul olurdusa, artıq o, bu gün özünü neft-kimya, qazpaylaşdırma, magistral boru kəmərlərinin tikintisi, mayeləşdirilmiş təbii qaz (LNG) marketinqi sahəsində əməliyyatların aparılması və s. seqmentlərdə özünü doğruldur. Bir sözlə, SOCAR öz biznesini diversifikasiya edir və genişləndirir. Türkiyədə 2018-ci ildə STAR Neft Emalı Zavodunu işə salandan sonra bu il layihənin gücü bir az da artacaq. Türkiyədə qazpaylama hissələrinin alınması sözügedən biznesin davamıdır və bundan bir sıra dividendlər əldə ediləcək. Nəticədə bu cür genişmiqyaslı fəaliyyət ölkəmizə, Azərbaycanın hər bir vətəndaşına fayda verəcək”.
Vidadi ORDAHALLI