Fikrət Yusifov: “Biznes sferasının şəffaflaşdırılması istiqamətində vergi islahatlarının aparılmasının nəticəsi bu ilin sonu və qarşıdakı illərdə daha qabarıq şəkildə özünü göstərəcək”
Məlum olduğu kimi, cari il yanvarın 1-dən etibarən fərdi sahibkarlıqla məşğul olanlara güzəştli gəlir vergisi tətbiq olunub. Qeyd edək ki, güzəştli gəlir vergisi ancaq pərakəndə ticarətlə məşğul olanlara şamil olunacaq. Onlar üç il ərzində özünün gəlir vergisinin 25 faizindən azad olunacaqlar.
Yeni dəyişiklərə əsasən, məcəlləyə əlavə edilən 102.1.30-cu maddə mikrosahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizini vergidən azad edir. Məsələn, sahibkarın gəliri 1000 manat, o cümlədən nağdsız satışdan əldə edilən 800 manatdır. Ümumi xərclər 700 manatdır. Nəticədə sahibkarın 300 manat məbləğində gəliri olur. Belə olan halda, sahibkar 60 manat gəlir vergisi ödəyir.
İqtisadçı-ekspert Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu il yanvarın 1-dən tətbiq olunan vergi islahatları genişsəpkilidir. Bu islahatlar biznes mühitinin münbitləşdirilməsini hədəfləyib: “Pərakəndə ticarətlə məşğul olanların gəlir vergisindən azad olunması kiçik və orta sahibkarlığın inkişaf etməsinə səbəb olacaq. Ümumiyyətlə, fərdi sahibkarlıqla məşğul olanların gəlir vergisindən azad olunması biznes mühitinin bütün sferalarına müsbət təsir edəcək.
Yanvarın 1-dən etibarən tətbiq olunan yeni qayda sahibkarlığın inkişafına səbəb olacaq. Biznes sferasının şəffaflaşdırılması istiqamətində vergi islahatlarının aparılmasının nəticəsi bu ilin sonu və qarşıdakı illərdə daha qabarıq şəkildə özünü göstərəcək. Nəzərə almaq lazımdır ki, bu il məlum işlərə start verilib. Qarşıdakı illərdə fərdi sahibkarlıqla məşğul olanlara güzəştlərin tətbiq olunması bu sektorun inkişaf etməsinə səbəb olacaq”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, vergi yükü çox olan zaman sahibkarlar vergidən yayınmağa cəhd göstərirlər. Kimin necə işləməsindən asılı olmayaraq, ödəyicilər müxtəlif üsullarla vergidən yayınırlar. Ancaq vergi məbləği normal səviyyədə olanda istənilən vergi ödəyicisi sərbəst şəkildə əldə etdiyi gəlirinin müəyyən faizini gəlir vergisi kimi ödəyir.
Ekspertin sözlərinə görə, fərdi sahibkarlıqla məşğul olanlara güzəştli verginin tətbiq olunmasının ilkin nəticələri bəllidir. Belə ki, əmək müqaviləsi ilə işləmək istəyənlərin sayında artım qeydə alınır.
Günel CƏLİLOVA