Aydın Hüseynov: “Bu il kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görüldüyü üçün, gələn il bu sahədə müsbət dinamikanın şahidi olacağıq”
“2019-cu ildə ölkəmiz daha da inkişaf edəcək. Həyata keçirdiyimiz islahatların xeyli hissəsi özünü 2019-cu ildə göstərəcək. Biz Azərbaycan iqtisadiyyatının transformasiyası prosesini bitiririk. Buna görə də düşünürəm ki, iqtisadi inkişaf cəhətdən bütün planlar reallaşdırılacaq. Dövlət büdcəsi də artıq qəbul olunub. O, həmişəki kimi, sosialyönümlüdür. Buna görə də bütün sosial proqramlar həyata keçiriləcək”.
Bu sözləri Prezident İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində bildirib. Prezident qeyd edib ki, gələn il məcburi köçkünlər və qaçqınlar üçün 4 mindən çox mənzil, Ermənistanla Azərbaycan arasında müharibə zamanı həlak olanların ailələri üçün 800-dən çox mənzil istifadəyə verməyi də nəzərdə tutmuşuq. Yəni bizim iqtisadiyyatımızın sosial yönümü çox əhəmiyyətli olacaq.
Görülən və görüləcək işlər gələn il özünü büruzə verəcək. Maraqlıdır, həyata keçirilən islahatların nəticəsi 2019-cu ildə hansı sahələrdə özünü göstərəcək?
Millət vəkili Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ölkə iqtisadiyyatının inkişafı istiqamətində görülən işlərin müsbət nəticəsi 2019-cu ildə əksər sahələrdə özünü büruzə verəcək. İqtisadiyyatın bütün sahələrində müsbət irəliləyişlər əldə olunacaq: “Əsasən turizm və kənd təsərrüfatı, informasiya texnologiyaları, sənaye və digər sahələrdə inkişaf yaşanacaq. Qeyri-neft sektorunun sənaye sahəsində hazırda inkişaf qeydə alınır. Bu sahədə müsbət nəticələr əldə olunur. Gələn il bu sektorda qeydə alınacaq uğurların şahidi olacağıq.
Məlumdur ki, ölkəmizə məxsus peyklər orbitdədir. Bu da ölkəyə kifayət qədər valyuta gətirəcək. Həmçinin, bu il kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülüb. Təbii ki, sahibkarlığın inkişafı istiqamətində atılıan bütün addımların müsbət nəticəsi qarşıdakı ildə özünü göstərəcək.
Bəllidir ki, beynəlxalq təşkilatlar 2019-cu il Azərbaycanın ümumdaxili məhsulunun 3,2 faiz artacağını proqnozlaşdırırlar. Eyni zamanda, qeyri-neft sektorunun müxtəlif sahələrində artım olacağını bəyan edirlər”.
Həmsöhbətimizin sözlərinə görə, sosial xərclərlə yanaşı, dövlət büdcəsindən 10 milyard manata yaxın əsas xərclərə vəsait nəzərdə tutulub. Bu isə ölkə iqtisadiyyatının əksər sahələrində müsbət nəticələrin əldə olunmasına səbəb olacaq.
Millət vəkili onu da əlavə etdi ki, gələn il qlobal layihələrin icrası ilə bağlı müsbət nəticələrin şahidi olacağıq: “Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə daşınmalar artacaq. Belə olan halda, tranzit gəlirlərin həcmi artacaq. TANAP və TAP layihəsi 2019-cu ilin sonuna yaxın yekunlaşmalıdır”.
Günel CƏLİLOVA