Samir Əliyev: “Son zamanlar qeyri-neft məhsullarının ixracına dair hökumət tərəfindən güzəştlər tətbiq olunduğu üçün, ixracatda sənaye sektorunun payı artır”
Artıq 2018-ci ili başa vururuq. Cari ildə Azərbaycan iqtisadiyyatının bir sıra sahələrində, xüsusilə qeyri-neft sektorunda inkişaf qeydə alındı. Açıqlanan statistik rəqəmlərə əsasən, 2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft ixracında sənaye sektorunun payı 52 faizə çatıb. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev bir neçə gün öncə keçirilən mətbuat konfransında səsləndirib.
Ş.Mustafayev bildirib ki, sənaye parklarının 70-dən çox rezidenti tərəfindən ölkə iqtisadiyyatına beş milyard dollardan çox investisiya qoyulub. Ötən ilin yekunlarına əsasən, ÜDM-də özəl sektorun payı 84 faiz, məşğulluqda 76 faiz təşkil edib: “Son 15 il ərzində ölkə iqtisadiyyatına qoyulan investisiyaların ümumi həcmi 250 milyard dollara çatıb. Bu investisiyalardan yarısı xarici investisiyaların payına düşür”.
Ekspertlər Azərbaycanın qeyri-neft ixracında sənaye sektorunun payının 52 faizə çatmasının gözlənilən olduğunu düşünürlər.
İqtisadçı-ekspert Samir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ixrac potensialını artırmaqla ölkəyə valyuta axını təmin olunar: “Azərbaycanda qeyri-neft sektorunun inkişafı müşahidə olunur. Bu inkişafa gedən yol da ixracı genişləndirməkdən keçir. Çünki Azərbaycan bazarı çox kiçikdir. Biz ixracyönlü siyasət yeritməliyik. Belə ki, xarici bazara çıxış əldə etməklə həm ölkəni valyuta ilə təmin edirik, həm də yeni texnologiyaları gətiririk. İxrac potensialını artırmaq üçün ilk olaraq rəqabətədavamlı məhsul istehsal etmək lazımdır”.
S.Əliyevin sözlərinə görə, son zamanlar qeyri-neft məhsullarının ixracına dair hökumət tərəfindən güzəştlər tətbiq olunur. Müəyyən təşviqedici layihələr həyata keçirilir. Nəticədə qeyri-neft sektorunun ixracında artım müşahidə olunur: “Bu sahədə artım qeydə alınır. Qısa müddət ərzində qeyri-neft ixracında sənaye sektorunun payının 52 faizə çatması sevindiricidir”.
İqtisadçının sözlərinə görə, qeyri-neft ixracında sənayenin payının artması vacibdir. Bu sahədə daha da inkişaf əldə etmək istəyiriksə, emal ixracına da diqqət yetirmək lazımdır.
Günel CƏLİLOVA