Vüqar Bayramov: “Regionların sosial-iqtisadi inkişafına dair yeni proqram infrastrukturun dəyərə çevrilməsi üçün fəaliyyətlərin həyata keçirilməsini özündə ehtiva etməlidir”
Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət ölkəmizin iqtisadi qüdrətini daha da yüksəltməklə yanaşı, regionların inkişafına da əhəmiyyətli şəkildə təsir göstərməkdədir. Həyata keçirilən inkişaf siyasətinin mühüm istiqamətlərindən birini regionların sosial-iqtisadi inkişafı təşkil edir. Bu istiqamətdə reallaşdırılan tədbirlər, görülən işlər davamlı xarakter daşıyır.
Məlumdur ki, ölkəmizdə bölgələrin sosial-iqtisadi inkişafı başlıca prioritetlərdən biri kimi müəyyənləşdirilib, qarşıya qoyulan hədəflərə uyğun olaraq, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi davamlı xarakter daşıyır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpü, yol qovşağı tikilib, infrastruktur daha da yaxşılaşdırılıb.
Qeyd edək ki, 2004-cü ildən indiyə qədər regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı qəbul edilib və onlardan 3-nün icrası uğurla yekunlaşdırılıb.
İqtisadiyyat naziri Şahin Mustafayev media nümayəndələrinə açıqlamasında qeyd edib ki, ölkə Prezidentinin tapşırığı ilə 2019-2023-cü illəri əhatə edəcək regionların sosial-iqtisadi inkişafı üzrə 4-cü Dövlət Proqramı hazırlanır: "Proqram üzərində iş başa çatmaq üzrədir. Bu proqramlar çərçivəsində Azərbaycanın regionlarına 70 mlrd. manat sərmayə yatırılıb”.
Yeni hazırlanacaq regionların sosial-iqtisadi inkişafı proqramına bölgələrin inkişafına töhfə verə biləcək hansı mühüm işlərin daxil edilməsini vacib saymaq olar?
İqtisadçı-ekspert Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yeni hazırlanacaq regionların social-iqtisadi inkişaf proqramı öncəkilərdən keyfiyyət baxımından fərqli olacaq: “Nəzərə almaq lazımdır ki, öncəki proqramların məqsədi regionlarda infrastrukturun formalaşması idi. Nəticə etibarilə bu sahədə vəziyyət yaxşılığa doğru dəyişdi. Hesab edirəm ki, regionlarda infrastrukturun dəyərə çevrilməsinə ehtiyac var. Hesab edirəm ki, yeni proqram infrastrukturun dəyərə çevrilməsi üçün fəaliyyətlərin həyata keçirilməsini özündə ehtiva etməlidir”.
Həmsöhbətimizin sözlərinə görə, sərmayələrin cəlb olunması, investisiya mühitinin daha da yaxşılaşması ilə bağlı struktur tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Yeni proqramda mövcud infrastrukturun logistik və sərmayə qoyuluşu baxımından daha sıx istifadə olunması imkanı nəzərə alınacaq. İqtisadçı onu da vurğuladı ki, adıçəkilən proqram qəbul olunduqdan sonra regionların inkişafının keyfiyyət baxımından yeni mərhələyə qədəm qoyması müşahidə olunacaq. Bu da bölgələrin sosial-iqtisadi inkişafı baxımından vacibdir: “Regionların sosial-iqtisadi inkişafının 4-cü proqramı əvvəlki proqramlar çərçivəsində həyata keçirilən fəaliyyətlərin keyfiyyət baxımından dəstəklənməsi və yeni mərhələyə qədəm qoymasına şərait yaradacaq”.
Günel CƏLİLOVA