Rəsul Cahangirli: “Proqram həm də kiçik və orta sahibkarlığın inkişafına xidmət edir”
2019-cu ildə Azərbaycanda bu il 7,7 min insanın cəlb edildiyi özünüməşğulluq proqramının əhatəsinin genişləndiriləcəyi gözlənir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd ediblər ki, gələn il işsizlərin və işaxtaran vətəndaşların özünüməşğulluq proqramına cəlb edilməsi prosesi proqramın növbəti mərhələsi çərçivəsində davam etdiriləcək: “2018-ci il yanvar ayının 1-dən "İşsizlikdən sığorta haqqında" Qanunun qəbul edilməsilə yaranan yeni maliyyə mənbəyi özünüməşğulluq proqramının əhəmiyyətli dərəcədə genişlənməsini və davamlı tətbiqini təmin edəcək".
Nazirlikdən bildiriblər ki, proqram çərçivəsində təlimini başa vuranlar və biznes-planları müvəffəqiyyətli hesab edilənlər lazımi mallar və materiallarla təmin ediləcəklər: "Bu gün üçün 7,26 min insanın biznes-planları müvəffəqiyyətli kimi qiymətləndirilib, onlardan 1,27 mini isə artıq aktivlərlə təmin edilib. Treninqlərə cəlb edilənlərdən 1,3 mindən çoxu qadınlar, təxminən 1,03 mini gənclər, 816-sı ünvanlı sosial yardım alanlar, 313-ü əlil insanlar, 65-i isə azadlığa çıxan keçmiş məhbuslardır".
Nazirlikdən vurğulayıblar ki, Azərbaycanda özünüməşğulluq proqramının tətbiqi ölkədə əmək resurslarının keyfiyyətinə müsbət təsir göstərir.
Ümumilikdə, proqram əmək məhsuldarlığının və əhalinin iqtisadi fəallığının, ailə gəlirlərinin artımına və əlavə iş yerlərinin yaradılmasına xidmət edir. Ötən 3 il ərzində bununla bağlı bir sıra işlər görülüb.
Maraqlıdır, bəs ekspertlər özünüməşğulluq proqramının əhəmiyyətini necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, özünüməşğulluq proqramının sosial-iqtisadi baxımdan mühüm əhəmiyyəti var. O bunu bir sıra arqumentlərlə əsaslandırdı: “Əvvəla bu gün Azərbaycanın sosial siyasət konsepsiyasının əsas istiqamətlərindən biri yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunun təmin olunmasıdır. Eyni zamanda, məşğulluğun coğrafiyasının genişləndirilməsi və vətəndaşların ünvanlı sosial yardımdan asılılığının aradan qaldırılmasıdır. Bu istiqamətdə bir çox addımlar atılır və bütün bu işlər kompleks xarakterlidir. 7 aprel 2016-cı ildə Prezident İlham Əliyev tərəfindən "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncam imzalanıb. Sərəncam dövlət məşğulluq siyasətində keyfiyyətcə yeni bir mərhələ açmaqla, özünüməşğulluq fəaliyyəti ilə işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmalarına, əmək potensiallarının reallaşdırılmasına şərait yaradıb. Proqram həm də kiçik və orta sahibkarlığın inkişafına xidmət edir. Proqram vətəndaşların sosial yardımdan asılılığını aradan qaldırır. Hökumət tərəfindən həyata keçirilən özünüməşğulluq kimi tədbirlər nəticəsində əmək bazarını qorumaq mümkün olub. Nəticədə ötən 3 il ərzində yüz minlərlə iş yeri açılıb. Ona görə də ölkədə işsiz və işaxtaranların işlə təmin olunması baxımından özünüməşğulluq konsepsiyasının olması olduqca əhəmiyyətlidir. Özünüməşğulluq əmək bazarında iş qabiliyyəti olan, lakin özünə iş tapmaqda çətinlik çəkən vətəndaşların ayrıseçkiliyə məruz qalmaması üçün dövlət tərəfindən həyata keçirilən proqramdır. Bu tədbirin həyata keçirilməsi sosial ədalət prinsipinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, özünüməşğulluq proqramına həssas hesab olunan əhali qrupu - gənclər, övladlarını tək böyüdən valideynlər, pensiya yaşına az qalmış insanlar və digərləri cəlb olunurlar. Digər tərəfdən, bunun sayəsində biznes potensialı olan, özünün kiçik sahibkarlığını təşkil etmək istəyən şəxs dövlətin verdiyi dəstəyin sayəsində öz biznesini qura bilir. Nəticədə vətəndaş iqtisadi proseslərin aktiv iştirakçısına çevrilir. Bu da həmin şəxsin gələcəkdə sosial müdafiəsinin təmin olunmasına zəmanət yaradır. Məlum olduğu kimi, Azərbaycan iqtisadiyyatı şaxələndirilməsi dövrünü yaşayır. Bu zaman kənd yerlərində özünüməşğulluğun, sahibkarlığın inkişafı Azərbaycan iqtisadiyyatında yeni dinamikanın yaranmasına gətirib çıxara bilər. Bir sözlə, özünüməşğulluq proqramının sosial-iqtisadi baxımdan əhəmiyyəti geniş və çoxşaxəlidir”.
Vidadi ORDAHALLI