Rəsul Cahangirli: “İndi belə risqlər olmadığına görə əhali banklardan dollar alışına xüsusi maraq göstərmir”
Azərbaycanda hökm sürən iqtisadi sabitlik bütün sahələrdə özünü göstərir. Bütün bunlar, öz növbəsində, ölkədə makroiqtisadi sabitliyin qorunmasına öz töhfəsini verir. Təsadüfi deyil ki, bir sıra region və digər dövlətlərdə milli valyutalar devalvasiyaya uğrasa da, Azərbaycan manatı öz sabitliyini qoruyur.
Dolların məzənnəsinin sabit qalmasının əsas səbəblərdən biri ölkədə həyata keçirilən kompleks islahatlardır. Milli valyutanın məzənnəsinə tədiyyə balansının yaxşılaşması, eləcə də dövlət sektorunun xarici valyutada bir sıra öhdəliklərinin valyuta bazarından kənarda tənzimlənməsi getdikcə daha ciddi surətdə təsir göstərir. Qeyri-neft sektoru, xüsusən də yükdaşımalar və turizm sektoru üzrə Azərbaycana daha çox dollar və avro kütləsinin daxil olması manata inamı daha da artırır. Bunu bank əmanətlərindən də görmək olar. Mərkəzi Bankın məlumatına görə, noyabr ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz artaraq 8 milyard 140 milyon manat təşkil edib. Əmanətlərin 63,5 faizi xarici, 36,5 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 1,4 dəfə, xarici valyutada əmanətlər isə 1,6 faiz artıb. Digər tərəfdən nəzərə alaq ki, Mərkəzi Bankın depozit hərraclarında da manatın cəlb edilməsi getdikcə artır. Son depozit hərraclarının nəticələri milli valyutaya marağın artdığını göstərir. Xarici valyutalar, o cümlədən dollarla əməliyyatlar isə getdikcə azalır. Son bir neçə ayın nəticələri də göstərir ki, kommersiya banklarının dollar satışı və vətəndaşların dollar alışı azalıb. Yığım üçün də dollar alışı da kəskin azalıb.
Maraqlıdır, əhalinin dollara marağının azalmasını ekspertlər nə ilə əlaqələndirirlər?
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirli bunu bir sıra amillərlə əlaqələndirdi: “Ən başlıcası, bu, ölkədə mövcud olan makroiqtisadi sabitliklə bağlıdır. Məsələ ondadır ki, ötən ildən etibarən ölkədə iqtisadi inkişaf başlayıb. Xüsusən də qeyri-neft sektorunda müşahidə olunan inkişaf, yeniliklər iqtisadiyyata olan inamı daha da artırır. Bu il ölkəyə çoxlu sayda turist daxil olub. Bu o deməkdir ki, gələn turistlər özləri ilə dollar gətirib bazarda realizə edirlər. Necə deyərlər, ölkədə real sektorun inkişaf etməsi manatın həm sabitliyinə müsbət təsir göstərir, həm də ona inamı artırır. Nəzərə almaq lazımdır ki, 3 il əvvəl baş verən 2 devalvasiyadan sonra vəziyyət xeyli dəyişib. Həmin vaxt bir çox əmanətçi pulunu dollarda saxlamağa üstünlük verdi. Yığım vasitəsi olaraq dollar üstünlük təşkil edirdi. Ancaq indi belə risqlər olmadığına görə əhali banklardan dollar alışına xüsusi maraq göstərmir. Onu da nəzərə almaq lazımdır ki, manatla banka qoyulan depozitlərə ödənilən faizlər daha yüksəkdir. Bu baxımdan da dollara maraq böyük deyil”.
Vidadi ORDAHALLI