Müslüm İbrahimov: “Son illər ərzində ölkəmiz əksər beynəlxalq maliyyə hesabatlarında ön sırada qərarlaşıb”
Gündəlik fəaliyyətdə Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühum işlər görülür. Danılmaz faktdır ki, Azərbaycan siyasətinin təməlində ölkə vətəndaşlarının maraqları dayanır. Ölkə əhalisinin sosial rifahının yaxşılaşması istiqamətində açılan iş yerlərinin sayı günü-gündən artır. Görülən işlər sayəsində işsizlik bir sosial problem kimi, demək olar ki, aradan götürülür. Elə bu səbəbdən də ölkəmizdə işsizlik və yoxsulluğun səviyyəsi azalır.
Qeyd edək ki, son 15 il ərzində Azərbaycanda iqtisadi sahədə ən yüksək temp müşahidə olunub. Bu illər ərzində ölkəmizdə yoxsulluq şəraitində yaşayan insanların sayı 49 faizdən 5,4 faizə düşüb, işsizlərin sayı isə 5 faizə enib.
Son 15 il ərzində ölkəmizdə işsizliyin 5 faizə, yoxsulluğun isə 50 faizdən 5,4 faizə düşməsi Azərbaycanın iqtisadi gücünün inkişaf etməsi ilə bağlıdır.
İqtisad elmləri doktoru Müslüm İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son 15 il ərzində Azərbaycan hökuməti tərəfindən mütəmadi olaraq islahatlar həyata keçirilib. İslahatların həyata keçirilməsinin əsas məqsədi makroiqtisadi səviyyədə əsas məsələlərin həll olunmasıdır. İnflyasiya səviyyəsi və işsizliyin aşağı endirilməsi qarşıya qoyulan məqsədlərdən biri idi. Bu istiqamətlərdə aparılan islahatlar Azərbaycanda işsizliyin və yoxsulluğun zəifləməsinə səbəb oldu.
Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan beynəlxalq iqtisadi münasibətlər sistemində dünya iqtisadiyyatının iştirakçısı kimi əhəmiyyətli layihələrin həyata keçirilməsində iştirak edib. Bu layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycana xarici investisiyalar cəlb olunub. Eyni zamanda, birgə şirkətlərin yaranması həm iş yerlərinin açılmasına, həm də əməkhaqlarının artmasına səbəb olub.
Ekspert onu da vurğuladı ki, kənd təsərrüfatının inkişaf etməsi ölkə iqtisadiyyatına töhfə verib: “Bəllidir ki, ölkə əhalisinin 40 faizi regionlarda məskunlaşıb. Məlumdur ki, regionların sosial-iqtisadi inkişafı istiqamətində dövlət tərəfindən proqramlar qəbul olunub. Eyni zamanda, bölgələrin sosial infrastrukturunun yaxşılaşdırılması regionlarda yeni iş yerlərinin açılmasına səbəb olub. Beləliklə, bölgələrdə yoxsulluq dərəcəsinin faizi görülən işlər sayəsində aşağı enib. Onu da qeyd edim ki, regionlarda sosial-iqtisadi inkişaf proqramlarının ardıcıl şəkildə həyata keçirilməsi bölgələrin qeyri-bərabər şəkildə inkişaf etməsinin qarşısını alıb. Regionların qeyri-bərabər inkişafının qarşısının alınması yoxsulluğun azalmasına səbəb olub”.
M.İbrahimov bildirdi ki, ötən 15 il ərzində beynəlxalq yarışlar, tədbirlər, konfranslar və digər layihələrin ölkəmizdə keçirilməsi gənclərin sosial rifahının yaxşılaşdırılmasında mühüm rol oynayıb”.
İqtisadçı söhbət əsnasında onu da əlavə etdi ki, son illər ərzində ölkəmiz əksər beynəlxalq maliyyə hesabatlarında ön sırada qərarlaşıb. Ötən illər ərzində Azərbaycanın beynəlxalq hesabatlarda irəliləməsi onu göstərir ki, ölkəmizdə biznes mühiti yaxşılaşdırılıb. Təbii ki, bu da ölkədə işsizlik və yoxsulluq səviyyəsinin azalmasına səbəb olub.
M.İbrahimovun sözlərinə görə, son 15 il ərzində Azərbaycanın siyasəti makroiqtisadi sabitlikdə özünü göstərib. Mütəmadi olaraq dövlət büdcəsindən ayrılan vəsaitin konkret olaraq sahələrə yönlənməsi ölkə iqtisadiyyatının inkişafına səbəb olub.
Günel CƏLİLOVA