Dekabrın 20-də Dövlət Gömrük Komitəsində "Gömrük sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə 6-cı beynəlxalq elmi praktiki konfrans" başlayıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Bakı-Xəbər”ə verilən məlumata görə, konfransda çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini Ramiz Hümbətov bildirib ki, Azərbaycan gömrüyü qısa zaman kəsiyində böyük inkişaf yolu keçib. Gömrük sistemində informasiya texnologiyalarının geniş şəkildə tətbiq edildiyini deyən Ramiz Hümbətov konfransın gömrük sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi, işgüzar əlaqələrin qurulması, bilik və bacarıqların əldə edilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Dövlət Gömrük Komitəsinin Akademiyası haqqında da ətraflı məlumat verən Ramiz Hümbətov artıq bu təhsil müəssisəsinin ölkənin mühüm elm ocaqlarından birinə çevrildiyini diqqətə çatdırıb.
Konfransda müzakirə olunacaq məsələlərin gömrük xidmətləri üçün əhəmiyyətindən danışan Rusiya Gömrük Akademiyasının prorektoru Pyotr Başlı hazırda informasiya texnologiyalarının bütün gömrük xidmətlərinin fəaliyyətinin əsasını təşkil etdiyini diqqətə çatdırıb və qeyd edib ki, gələcəkdə informasiya texnologiyalarının tətbiqi ilə malların istehsalından satışına qədər baş verən proseslər izlənə biləcək və gömrük orqanları istər infrastruktur, istərsə də ixtisaslı kadrların hazırlanması baxımından buna hazır olmalıdırlar. Qonaq, eyni zamanda Rusiya Gömrük Xidmətində və Rusiya Gömrük Akademiyasında informasiya texnologiyalarının tətbiqi sahəsində görülən işlər barədə məlumat verib və konfransın təcrübə mübadiləsi, əməkdaşlığın gücləndirilməsi istiqamətində uğurlu platforma olduğunu bildirib.
Daha sonra konfrans "Gömrük sferasında İKT", "Gömrük prosedurlarının idarə olunmasında İKT-nin rolu" adlı sessiyalarla davam edib.