Aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır.
Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncam imzalayıb. Sənəddə bildirilir ki, 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödənilsin.
Ölkə başçısının sərəncamı ilə bayram ərəfəsində aztəminatlı ailələrə birdəfəlik maddi yardımın ayrılmasını müsbət qiymətləndirən sosioloq Cavid İmamoğlu “Bakı-Xəbər”ə bildirdi ki, dövlət hər zaman aztəminatlı vətəndaşların sosial problemlərinin həllini diqqət mərkəzində saxlayır. “Bildiyiniz kimi, Azərbaycan dövləti sosial siyasət yürüdən ölkədir. Bu, ölkə Konstitusiyası ilə də təsbit olunub. Azərbaycan dövləti ölkənin aztəminatlı vətəndaşlarının qayğısına qalır. Azərbaycanda sosial müdafiə sistemi elə qurulub ki, burada vətəndaşların sosial rifah halının yüksəldilməsi əsas istiqamətlərdən birini təşkil edir. Aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi və maddi vəziyyətlərinin düzəlməsi üçün dövlət tərəfindən daim müavinətlər verilir, yardımlar edilir. Onlara verilən birdəfəlik müavinətlər vətəndaşların artıq pul xərclərinin qarşısının alınmasında da rol oynayır”. C.İmamoğlunun sözlərinə görə, dövlətin həyata keçirdiyi sosial siyasətin əsasında uzunmüddətli inkişaf durur. O, həmçinin, vurğuladı ki, Azərbaycanda həyata keçirilən özünüməşğulluq proqramı və digər layihələr də aztəminatlı ailələrin vəziyyətinə müsbət təsir göstərir. “Prezidentin bayram ərəfəsində aztəminatlı ailələrə 100 manat birdəfəlik yardım ayrılması ilə bağlı verdiyi sərəncam o ailələrə böyük sevinc bəxş edəcək. Eyni zamanda, vətəndaş birdəfəlik yardımla özünün hansısa bir problemini həll edəcək. Bu sərəncam bu qəbildən olan ailələrin həyat tərzinə, sosial rifahına müsbət təsir göstərəcək” - deyə C.İmamoğlu bildirdi.
İradə SARIYEVA