Vüqar Bayramov: “Vakansiyalar üzrə bank yaradılarsa, burada tək dövlət qurumları deyil, eyni zamanda, özəl sektora aid vakansiyalar da əks olunmalıdır”
“Azərbaycanda vakansiyalar üzrə avtomatlaşdırılmış bank yaradılacaq”. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda insan kapitalı üzrə forumda deyib.
Nazir ölkədə əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təmin edilməsini nəzərdə tutan digər tədbirlərə gəlincə, əmək bazarı üzrə Milli Observatoriyanın yaradılmasını qeyd edib: "Bu qurum əmək bazarında tələb və təklifləri proqnozlaşdırmağa və mövcud əmək resurslarını təhlil etməyə imkan verəcək, yeni iş yerlərinin yarasılmasını stimullaşdıracaq".
Azərbaycanda vakansiyalar üzrə avtomatlaşdırılmış bankın yaradılmasının vacibliyi barədə danışan iqtisadçı-ekspert Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, belə bir bankın yaradılması ilk növbədə işsizliyin aradan qaldırılmasına səbəb olacaq: “Vakansiyalar üzrə bank yaradılması bu sahəni sistemləşdirəcək. Belə bir sistemin yaradılması işə müraciət imkanlarını asanlaşdıracaq. Həmçinin, adıçəkilən bankda insanların iş tapmaq imkanları genişlənəcək. İş axtaran insanlar həmin bank vasitəsilə özlərinə uyğun peşəni seçə biləcəklər”.
Həmsöhbətimiz hesab edir ki, vakansiyalar üzrə bank yaradılarsa, burada tək dövlət qurumları deyil, eyni zamanda, özəl sektora aid vakansiyalar da əks olunmalıdır. Belə olan halda, işsizlik tam şəkildə aradan qalxar.
Ekspertin fikrincə, vakansiyalar bankının yaradılması məqsədəuyğundur. Bu, vətəndaşların iş tapmaq prosesinin sadələşdirilməsinə və asanlaşdırılmasına səbəb olacaq.
Günel CƏLİLOVA