Fuad İbrahimli: “Milli valyutada dayanıqlıq müşahidə olunduğu üçün, manatla qoyulan əmanətlərin həcmində artım qeydə alınıb”
Açıqlanan statistik rəqəmlərə əsasən, əhalinin banklardakı əmanətləri artıb. Mərkəzi Bankın yaydığı məlumatda qeyd olunur ki, 2018-ci il noyabr ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz artaraq 8140,0 milyon manat təşkil edib.
Qeyd edək ki, əmanətlərin 63,5 faizi xarici, 36,5 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 1,4 dəfə, xarici valyutada əmanətlər isə 1,6 faiz artıb.
Ekspertlər qeyd edirlər ki, son zamanlar əmanətçilər əllərində olan vəsaiti depozit kimi banka yerləşdirirlər. Milli valyuta ilə yerləşdirilən əmanətlərin həcminin artmasının səbəbi faiz dərəcəsinin yüksək olması və əmanətlərin tam şəkildə sığortalanması ilə izah olunur.
İqtisadçı-ekspert Fuad İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son zamanlar əhali daha çox manatla əmanət yatırmağa üstünlük verir. Bunun səbəbi bankların dollar depozit faizlərini kifayət qədər azaltmasıdır. Ancaq manatla yerləşdirilən əmanətlərin depozit faizi yüksəkdir. Bu səbəbdən də milli valyuta ilə yerləşdirilən əmanətlərin həcmi artır.
İqtisadçı onu da vurğuladı ki, vətəndaşlar daha çox gəlir əldə etmək üçün banka milli valyuta ilə əmanət yerləşdirməyə üstünlük verirlər.
Həmsöhbətimiz onu da əlavə etdi ki, milli valyutada dayanıqlıq müşahidə olunduğu üçün, manatla qoyulan əmanətlərin həcmində artım qeydə alınıb.
İqtisadçının sözlərinə görə, 2017-ci ilin fevral ayından başlayaraq manatın məzənnəsi stabil olaraq qalır: “Nəzərə almaq lazımdır ki, milli valyutada faiz dərəcəsi yüksəkdir və tam şəkildə sığortalanır. Bu səbəbdən də insanlar milli valyuta ilə əmanət yerləşdirməyə üstünlük verirlər. Məlumdur ki, 2016-cı il 4 mart tarixindən etibarən əmanətlər tam şəkildə sığortalanır.
Əmanətlərin həcminin artması səbəblərindən biri də bank sektoruna inamın yenidən bərpa olunması ilə bağlıdır.
Günel CƏLİLOVA