Fuad İbrahimov: “Türkiyə də Azərbaycana investisiya yatırır”
Açıqlanan statistik rəqəmlərə əsasən, Azərbaycanla Türkiyə arasında qarşılıqlı investisiyaların həcmi artıb. Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiyaları 14,3 milyard dollar təşkil edib ki, bunlardan 12,8 milyard dolları neft sektoruna, 1,5 milyard dolları qeyri-neft sektoruna yerləşdirilib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev Azərbaycan-Türkiyə biznes forumunda çıxışı zamanı deyib ki, hər iki ölkə arasında qarşılıqlı investisiyaların həcmi artıb. Onun sözlərinə görə, Türkiyənin Azərbaycan iqtisadiyyatına investisiyaları 11,8 milyard dollar, o cümlədən neft sektoruna 9,1 milyard dollara bərabər olub. Son illər ölkədə keçirilmiş islahatlar nəticəsində istehsalat və qeyri-neft məhsullarının ixracı artıb: “Dövlət sahibkarlara sərgilərdə iştiraka kömək etməklə, güzəştlər təqdim etməklə, ticarət evləri açmaqla və digər tədbirlər keçirməklə dəstək göstərir”.
Azərbaycanla Türkiyə arasında qarşılıqlı investisiyaların həcminin artması barədə fikir bildirən iqtisadçı- ekspert Fuad İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hər iki ölkə arasında qarşılıqlı ticarət əlaqələri inkişaf edir. Azərbaycan Türkiyəyə, Türkiyə isə Azərbaycana investisiya yatırır: “Nəzərə almaq lazımdır ki, Türkiyə ilə Azərbaycan arasında tək iqtisadi və siyasi baxımdan deyil, ümumilikdə, yaxın münasibətlər var. Təbii ki, bu münasibətlər ölkələr arasında investisiyanın həcminin artmasına səbəb olacaq”.
Həmsöhbətimiz qeyd etdi ki, son illər Azərbaycanın qeyri-neft sektoruna xüsusi diqqət göstərilir. Göstərilən münasibət qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərir.
Ekspert onu da vurğuladı ki, hazırda Türkiyə ilə ABŞ arasındakı münasibətlər xoş deyil. Belə olan halda, Türkiyə Qərb birliyinə daxil olmayan ölkələrə daha çox maraq göstərir. Sevindirici haldır ki, Azərbaycan da Türkiyənin maraq göstərdiyi ölkələrdən biridir.
İqtisadçı qeyd etdi ki, son 10 ildə Azərbaycanın 3 ən iri layihəsi məhz Türkiyə dövlətinin ərazisindən keçir. Bununla yanaşı, STAR zavodunun Türkiyədə olması qarşılıqlı münasibətləri stimullaşdırır: “Eynilə Türkiyə də Azərbaycana investisiya yatırır. Müxtəlif layihələr Türkiyə tərəfindən reallaşır”.
Günel CƏLİLOVA