Osman Gündüz: “İnformasiya münasibətlərinin inkişafı və vətəndaşların sosial vəziyyətinin yaxşılaşması üçün hər iki ölkə arasında rouminq tariflərinin aşağı salınması müsbət qərardır”
Xəbər verildiyi kimi, Rusiya və Azərbaycan rouminq tariflərinin azaldılması barədə razılığa gəliblər. Məlumat üçün bildirək ki, hazırda Rusiyada olan Azərbaycan mobil operatorlarının müştəriləri üçün danışıq tarifi, federasiyanın regionlarından asılı olaraq, gedən zənglər üçün bir dəqiqəyə görə 0,99-4,99 AZN, gələn zənglərin bir dəqiqəsi isə 0.39-0.99 AZN arasında dəyişir. Eyni zamanda, Azərbaycanda olan rus mobil operatorlarının müştəriləri üçün gedən zəngin bir dəqiqəsi 25-85 rubl (0.63-2.16 AZN, gələn zənglərin bir dəqiqəsi isə 25 rubla (0.63 AZN) qədərdir.
Hər iki ölkə arasında rouminq tariflərinin azaldılması istiqamətində razılıq əldə olunub. Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Media Nazirliyi və Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hər iki ölkənin operatorları arasında rouminq tariflərinin aşağı salınması barədə razılıq əldə edib. Bu barədə Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi media naziri Konstantin Noskov açıqlama yayıb.
K.Noskovun sözlərinə görə, bu istiqamətdə ikitərəfli əməkdaşlıq səviyyəsində işlər aparılır: "Biz Azərbaycanla sıx şəkildə işləyirik və operatorların qarşısına ikitərəfli razılaşma ilə bağlı məsələ qoymuşuq. Bakıya səfərim çərçivəsində (“Bakutel-2018” sərgisində iştirak etmək üçün) bu məsələ ilə bağlı fəal danışıqlar aparıldı. Mobil rabitənin keyfiyyətinə nəzarət, beynəlxalq rouminq tariflərinin aşağı salınması, hər iki ölkənin mobil operatorlarının birgə koordinasiyalı fəaliyyəti və bu sahədə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı. Mən Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri ilə rouminq tariflərinin aşağı salınması istiqamətində müzakirələr apardım və nazirə bunun tez bir zamanda reallaşması ilə bağlı hər iki tərəfin səy göstərməli olduğunu bildirdim. İnanıram ki, hər iki ölkənin vətəndaşlarına danışıq tariflərindən ucuz və sərfəli şəkildə yararlanmaq imkanı nəsib olacaq".
Ekspertlərin fikrincə, Rusiya və Azərbaycan arasında rouminq tariflərinin azaldılması barədə razılıq əldə olunması tariflərin aşağı salınmasına gətirib çıxaracaq.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, rouminq tarifləri yüksək olan ölkələrdən biri də Azərbaycandır: “Yerli vətəndaşlar xarici ölkələrdə olan zaman ya mobil telefonun rouminq xidmətindən istifadə etmirlər, ya da xarici ölkəyə məxsus olan telefon alıb istifadə edirlər. Əksər insan hansısa xarici ölkəyə məxsus telefon alıb ondan istifadə edir. Əslində, bu normal hal deyil. Rouminq xidmətlərinin hədsiz dərəcədə yüksək olması vətəndaşlara problem yaradır”.
Həmsöhbətimizin sözlərinə görə, Avropa İttifaqı ölkələri öz aralarında rouminq xidmətini ləğv ediblər. Bu səbəbdən də ekspert hesab edir ki, MDB məkanına üzv olan ölkələr öz aralarında buna bənzər razılığa gələ bilərlər: “Azərbaycanla Rusiya arasında belə bir addımın atılması düzgün qərardır. Nəzərə almaq lazımdır ki, bu qərar ilk öncə vətəndaşlarımızın xeyrinə olacaq. O da bəllidir ki, Rusiyada xeyli sayda soydaşımız var. Onlar mütəmadi olaraq Azərbaycanda yaşayan doğmaları ilə əlaqə saxlayırlar. Bu baxımdan informasiya münasibətlərinin inkişafı və vətəndaşların sosial vəziyyətinin yaxşılaşması üçün hər iki ölkə arasında rouminq tariflərinin aşağı salınması müsbət qərardır”.
Günel CƏLİLOVA