“Yükdaşımalar nə qədər çox olarsa, bu bir o qədər Azərbaycanın tranzit gəlirlərini artıracaq”
Bakı-Tiflis-Qars dəmir yolu xətti (BTQ) Azərbaycanla Litva arasında nəqliyyat sahəsində əməkdaşlığı möhkəmləndirməyə imkan verəcək. Məlum olduğu kimi, bu barədə mətbuata Litvanın Nəqliyyat və Kommunikasiya Nazirliyindən bildiriblər. Sözügedən məsələ ilə bağlı nazirlikdən qeyd ediblər ki, Litva hazırda “Vikinq” layihəsini həyata keçirir: “Bu, Litva, Belarus və Ukraynanın Baltik və Qara dəniz limanlarını dəmir yolu ilə birləşdirən birgə layihəsidir. Bu marşruta Azərbaycan və Gürcüstanın qoşulmasından sonra əlavə yük axını cəlb oluna bilər. Ona görə də 2016-cı ilin mayında “Azərbaycan Dəmir Yolları” QSC-nin “Vikinq” layihəsinə qoşulması barədə protokol imzalanıb. Bakı-Tiflis-Qars dəmir yolu xətti iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın möhkəmlənməsi üçün faydalıdır”.
Bundan başqa, nazirlikdən onu da bildiriblər ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə təcrübə mübadiləsi hər iki tərəfə səmərəli ola bilər: “Nəzərə almaq lazımdır ki, Bakı limanı dəmir yolları ilə qarşılıqlı əlaqənin inkişafında böyük təcrübəyə malikdir, Klaypeda dövlət dəniz limanında isə bir çox strateji layihə reallaşdırılır”.
Müşahidələr göstərir ki, 2017-ci ilin oktyabrından Bakı-Tiflis-Qars dəmir yolu fəaliyyətə başlayandan sonra bu yola maraq daha da artmağa başladı. Belə ki, bir sıra Mərkəzi Asiya ölkələri və digər dövlətlər dəmir yolunun imkanlarından yük daşımalarında istifadə etmək istədiklərini bəyan etdilər. Gürünən odur ki, Baltikyanı ölkələr də dəmir yolunun imkanlarından yararlanmaq istəyirlər. Nəzərə alsaq ki, sözügedən ölkələr bir sıra iqtisadi imkanlara malikdirlər, bu baxımdan Litvanın BTQ-nin imkanlarından yararlanması nə kimi perspektiv vəd edir?
Məsələyə münasibət bildirən nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, “Vikinq” layihəsi çərçivəsində əməkdaşlıq nəinki Baltikyanı, həmçinin Skandinaviya ölkələri ilə əlaqələrin genişləndirilməsinə müsbət təsir göstərəcək: “İstənilən halda, bu istiqamətdə yükdaşımanın dividendləri çoxdur. Çünki həmin marşrut boyu daşınan yüklər müxtəlif istiqamətlərdə aparıla bilər. Yəni bu zaman “Vikinq” dəmir yolu vasitəsilə həm Baltikyanı, həm də Skandinaviya ölkələrinə yükdaşımalar həyata keçirmək mümkündür. Belə ki, bunun sayəsində dəmir yolu xətləri əlaqəli şəkildə fəaliyyət göstərdikcə, daha çox ölkə yükdaşımadan faydalanacaq. O baxımdan ki, Litvaya dəmir yolu ilə daşınan yüklər oradan Skandinaviya və Şimali Avropa ölkələrinə istiqamətləndirilə bilər. Ona görə də sözügedən sahədə əməkdaşlıq bir sıra perspektivlər vəd edir. Nəzərə almaq lazımdır ki, bu həm də alternativ marşrutdur. İstənilən alternativ marşrut xətti isə müəyyən dividendlər gətirə bilər. Ona görə də, bu minvalla, istər Baltikyanı ölkələr, istərsə də Skandinaviya ölkələri BTQ-nin imkanlarından yararlana bilər. Yükdaşımalar nə qədər çox olarsa, bu bir o qədər Azərbaycanın tranzit gəlirlərini artıracaq. Onu da nəzərə almaq lazımdır ki, “Vikinq” layihəsində iştirak edən dövlətlərdə ictimai-siyasi vəziyyət sabitdir. Bu da yükdaşımalar üçün hansısa risqlər yaratmır. O üzdən, bir sıra dövlətlər BTQ-dən faydalanmağa önəm verirlər və onun imkanlarından istifadə etməyə çalışırlar. Bu da başadüşüləndir. Dividend nöqteyi-nəzərdən, təbii ki, nə qədər çox yük daşınarsa, o qədər daşımalar çox gəlir gətirə bilər. Bu da nəinki Azərbaycana, o cümlədən dəmir yolunun keçdiyi digər ölkələrə maliyyə axınının artmasına öz təsirini göstərəcək. Bu səbəbdən tərəflər arasında əməkdaşlığı faydalı hesab edirəm”.
Vidadi ORDAHALLI