“Maliyyə sektorunda müəssisələrin sayının artması iqtisadiyyatda baş verən proseslərlə sıx bağlıdır”
Açıqlanan statistik rəqəmlərə əsasən, Azərbaycanda maliyyə sektorunda müəssisə və təşkilatların sayı ilin əvvəli ilə müqayisədə 3,7% artaraq bu il oktyabrın 1-nə 1695-ə yüksəlib.
Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, bu ilin yanvar-sentyabr ayları ərzində 83 müəssisə və təşkilat yaradılıb, 23-ü isə ləğv olunub. Beləliklə, 1 oktyabr tarixinə ölkədəki müəssisə və təşkilatların cəmində maliyyə sektorunun xüsusi çəkisi 1,3% təşkil edib.
2018-ci il yanvar-sentyabr ayları ərzində müəssisə və təşkilatların sayı 7,3% artaraq 2018-ci il oktyabrın 1-i vəziyyətinə 127 221 olub.
Artım iqtisadiyyatın “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar”, “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Turistlərin yerləşdirilməsi və ictimai iaşə”, “Nəqliyyat və anbar təsərrüfatı”, “İnformasiya və rabitə”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” və “Emal sənayesi” sahələrində nəzərəçarpacaq dərəcədə olub.
Azərbaycanda maliyyə müəssisələrinin sayının 4 faiz artması barədə fikir bildirən iqtisadçı ekspert Əli Əlirzayev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, maliyyə sektorunda müəssisələrin sayının artması maliyyə təminatı ilə bağlıdır: “Əsasən təsərrüfat subyektlərinin sayında artım qeydə alınır. Hər bir müəssisə çalışır ki, özünün maliyyə imkanlarını genişləndirsin və həmin müəssisədə şəffaflıq yaradaraq asılılığı azaltsın. Onu da deyim ki, əsasən kiçik maliyyə müəssisələrinin sayı artıb”.
Həmsöhbətimizin sözlərinə görə, maliyyə sektorunda müəssisələrin sayının artması iqtisadiyyatda baş verən proseslərlə sıx bağlıdır: “Bəllidir ki, son illər ölkə iqtisadiyyatının inkişafı istiqamətində görülən işlər artıq müsbət nəticəsini biruzə verir. Bu səbəbdən də maliyyə sektorunda müəssisə və təşkilatların sayı artır. Onu da qeyd edim ki, iqtisadiyyat elə bir sahədir ki, bir sektorda baş verən inkişaf digərinə də öz təsirini göstərir”.
Günel CƏLİLOVA