Vahid Əhmədov: “Bütün bunlara baxmayaraq, Azərbaycan Türkiyə, Serbiya, Gürcüstan, Cənubi Afrika Respublikası və Xorvatiya ilə birlikdə...”
Məlum olduğu kimi, Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı tamamilə yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilib. Qlobal trendlər nəzərə alınmaqla, hesabatın metodologiyasında dəyişikliklər o qədər dərin və əhatəli olub ki, Dünya İqtisadi Forumu bu metodologiyanı yeni nəsil “4.0” kimi təqdim edib.
Bu isə onu deməyə əsas verir ki, “Qlobal Rəqabətlilik Hesabatı-2018/2019” yeni dövrün ilk hesabatıdır. Belə ki, əvvəlki illərdən fərqli olaraq, hesabatın metodologiyası ciddi şəkildə dəyişdirilərək hesabata yeni indikatorlar daxil edilib. Ümumilikdə, əvvəlki hesabatın 114 indikatorundan 84-ü (74 faizi) çıxarılıb, 68 yeni indikator isə daxil edilib. Beləliklə, hesabatda mövcud 98 indikatorun 70 faizi tamamilə yenidir.
Azərbaycan Qlobal Rəqabətlilik Hesabatının yeni metodologiyası əsasında ilk dəfə qiymətləndirilib. Ölkəmiz ilk hesabatda Türkiyə, Serbiya, Gürcüstan, Cənubi Afrika Respublikası və Xorvatiya ilə birlikdə 7-ci onluğa daxil olmaqla 69-cu yerdə qərarlaşıb. İnfrastruktur, təhsil və bacarıqlar və biznesin dinamikliyi kimi üç indikator üzrə Azərbaycan yeni hesabatda mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
Qlobal trendlər nəzərə alınmaqla tamamilə yeni yanaşma əsasında hazırlanmasına baxmayaraq, Azərbaycan yeni dövrün ilk Qlobal Rəqabətlilik Hesabatında bir neçə indikator üzrə yüksək nəticələr əldə edib. Bu nəticələr Azərbaycanın gələcəkdə digər indikatorlar üzrə də daha yaxşı nəticələr əldə etməsi üçün yeni imkanlar açır.
Maraqlıdır, dövlət büdcəsinin tarazlığı, ümumi milli yığım, ümumi dövlət borcu və ölkənin kredit reytinqi kimi öncül olduğumuz alt indikatorlar Dünya İqtisadi forumunun yeni metodologiyasında nəzərə alınsaydı, Azərbaycanın reytinqdəki yeri hansı həddə daha yaxşı olardı?
Məsələyə münasibət bildirən millət vəkili Vahid Əhmədovun sözlərinə görə, sadalanan indikatorlar nəzərə alınsaydı, o zaman Azərbaycan daha ön sırada qərarlaşardı: “Buna baxmayaraq, ölkəmiz yaxşı yerdə qərarlaşıb. Əvvəla yeni metodologiya əsasında hazırlanmış ilk Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın önəmli yerdə qərarlaşması mühüm hadisədir. Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında çox ciddi dəyişikliklər edilib. 114 indikatordan ibarət hesabatın 70 faizi dəyişdirilib, oraya əlavələr edilib. Bütün bunlara baxmayaraq, Azərbaycan Türkiyə, Serbiya, Gürcüstan, Cənubi Afrika Respublikası və Xorvatiya ilə birlikdə 7-ci onluğa daxil olmaqla 69-cu yerdə qərarlaşıb. Azərbaycan elektrik təchizatının təminatı və sosial məsələlərin həllində önəmli yer tutub. Ölkəmiz, həmçinin, təhsil, biznesin inkişafı və dinamikliyi, o cümlədən infrastruktur layihələrinin yaradılması ilə əlaqədar ön sıralarda olan dövlətlərdəndir. Azərbaycanın hesabatda bir sıra istiqamətlər üzrə ön yerdə qərarlaşması birbaşa ölkə başçısının apardığı islahatlarla əlaqədardır. Regionların iqtisadi inkişaf proqramlarının yerinə yetirilməsi, “Strateji yol xəritəsi” ilə bağlı qərarın icra mexanizmlərinin daha da təkmilləşdirilməsi və həyata keçirilməsi, eyni zamanda, Prezidentin regionlara səfəri, nəticə etibarilə, Azərbaycanın 69-cu yerdə möhkəmlənməsinə səbəb oldu. Zənnimcə, bu, yüksək göstəricilər ölkəmizin gələcəkdə digər indikatorlar üzrə irəliləyəcəyindən xəbər verir. Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, siyasilər, ölkə rəhbərləri və iri biznesmenlər biznes üçün yaxşı şəraitin olduğu, stabilliyin hökm sürdüyü ölkələrlə maraqlanaraq investisiya qoyurlar”.
Vidadi ORDAHALLI