Əkrəm Həsənov: “Milli valyutada faiz dərəcəsi yüksəkdir və tam şəkildə sığortalandığı üçün insanlar milli valyuta ilə əmanət yerləşdirməyə üstünlük verirlər”
Əhalinin banklarda olan əmanətinin həcmi açıqlanıb. 2018-ci il sentyabr ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artaraq 8 milyard 020,8 milyon manat təşkil edib.
Məlumat üçün bildirək ki, əmanətlərin 63 faizi xarici, 37 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 1,5 dəfə, xarici valyutada əmanətlər isə 1,5 faiz artıb.
Cari il ərzində əhalinin banklarda olan əmanətinin həcminin 8 milyard manat təşkil etməsi necə göstərici sayıla bilər? Məsələ ilə bağlı bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənova müraciət etdik.
Ə.Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son aylarda bank əmanətlərində azalma yaşanır: “Məlumat üçün bildirim ki, avqustun 1-nə olan göstəricidə qeyd olunur ki, banklara yerləşdirilən əmanətlərin həcmi 8 milyard 049 milyon idi. Bir ay ərzində bank əmanətlərində təxminən 29 milyon manat azalma qeydə alınıb. İyulun 1-dən avqust ayına kimi isə 60 milyon manat azalma baş verib”.
Həmsöhbətimizin sözlərinə görə, əvvəlki illərlə müqayisədə banklara yerləşdirilən əmanətlərin həcmi artıb. 2017-ci ilin oktyabr ayından etibarən banklara qoyulan əmanətlər artmaqda davam edir: “Məlumat üçün bildirim ki, 2017-ci ilin sentyabr ayına olan göstəricidə bildirilir ki, yerləşdirilən əmanətlərin həcmi 6 milyard 895 milyon manat idi. Sonralar isə bu rəqəm artaraq 8 milyarda çatıb. Son bir il ərzində bank əmanətlərində 1 milyard manat artım qeydə alınıb. Bank əmanətlərində artımın qeydə alınması milli valyutanın sabitliyi ilə bağlıdır. 2017-ci ilin fevral ayından başlayaraq manat sabitdir. Nəzərə almaq lazımdır ki, milli valyutada faiz dərəcəsi yüksəkdir və tam şəkildə sığortalanır. Bu səbəbdən də insanlar milli valyuta ilə əmanət yerləşdirməyə üstünlük verirlər. Onu da bildirim ki, milli valyuta ilə yerləşdirilən əmanət uzunmüddətli olmur. Əmanətçilər əsasən 6-9 ay müddətinə depozit yerləşdirirlər”.
Ə.Həsənov onu da qeyd etdi ki, 2019-cu ilin mart ayının 4-dən etibarən əmanətlərin sığortalanması ləğv olunacaq. Həmin tarixdən etibarən əmanətin yalnız 30 min manat hissəsi sığortalanacaq. Bu müddət azalmasa, bank sisteminə yerləşdirilən əmanətlər azalar. Son aylar bank əmanətlərində qeydə alınan azalma tendensiyanın başlanğıcı kimi də qiymətləndirilə bilər.
Günel CƏLİLOVA