Fikrət Yusifov: “Məşğulluğun səviyyəsi nə qədər yüksəlirsə, bu bir o qədər orta təbəqənin sayının artmasına öz müsbət təsirini göstərir”
1992-ci ildə BMT tərəfindən 17 oktyabr tarixinin Ümumdünya Yoxsulluqla mübarizə günü kimi elan edilməsi bütün dünyada yoxsulluğa qarşı milli, regional və beynəlxalq səviyyələrdə mübarizə səylərini birləşdirmək məqsədinə xidmət edib. Azərbaycan da yoxsulluqla mübarizə sahəsində fəal siyasətə və uğurlu təcrübəyə malik olan, bu sahədə mühüm addımların atıldığı və müsbət nəticələrin əldə edildiyi ölkələrdən biridir.
Ötən 15 il ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətində ciddi tədbirlər həyata keçirilib. Bu məqsədlə vətəndaşların təbii qazdan, içməli su və kanalizasiya xidmətlərindən istifadəyə görə əvvəlki illərdə yaranmış borcları (müvafiq olaraq 327 milyon və 294,2 milyon manat) tam silinib, sovet dövründən qalmış əmanətlərə görə 1 milyard manat kompensasiya ödənilib. 15 il ərzində ölkədə 1,9 milyon yeni iş yeri açılıb, maaşlar 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artırılıb, işsizlik səviyyəsi 5 faizə, yoxsulluq isə 49 faizdən 5,4 faizə endirilib.
Milli iqtisadiyyatın 3,2 dəfə, o cümlədən qeyri-neft sektorunun 2,8 dəfə, qeyri-neft ixracının 4,1 dəfə, əməkhaqlarının təxminən 7 dəfə, minimum əməkhaqqının 23 dəfə artdığı, 3,1 min məktəbin, 640-dan çox xəstəxananın, eyni zamanda, çoxsaylı sosial obyektin tikilərək istifadəyə verildiyi, 92 müasir qəsəbə və yaşayış kompleksi salınmaqla, 270 minədək məcburi köçkünün müasir şəraitli mənzillərlə təmin olunduğu son 15 ildə ölkədə yoxsulluğun da kəskin şəkildə azalmasına nail olunub.
O da məlumdur ki, ölkədə yoxsulluq səviyyəsinin azalması əhali arasında orta təbəqənin sayının artmasına müsbət təsir göstərir. O baxımdan maraqlıdır, ölkədə orta təbəqənin sayı təxminən nə qədərdir? Onlar əhalinin neçə faizini təşkil edir?
Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru Fikrət Yusifovun sözlərinə görə, əhalinin təxminən 60 faizi orta təbəqəyə aiddir: “Bununla bağlı müvafiq standartlar var. Həmin standartlarla götürsək, ortalama hardasa əhalinin 60 faizi orta təbəqəyə aiddir. Əhalinin 60 faizi orta təbəqəyə aid edilirsə, bu hardasa normal qəbul edilir. Hesab edirəm ki, Azərbaycanda orta təbəqənin formalaşmasında son illər həyata keçirilən iqtisadi islahatlar, biznes mühitinin formalaşması, yaxşılaşması xüsusui rol oynayıb. Bu istiqamətdə həyata keçirilən sistemli işlər öz bəhrəsini verir. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanda orta aylıq əməkhaqqı 520 manatdan çoxdur. Orta aylıq əməkhaqqı arta-arta gəlib bu səviyyəyə çatıb. Digər tərəfdən, ölkədə bizneslə məşğul olanların sayı artıb. Bu da orta təbəqənin formalaşmasında xüsusi rol oynayır. Bir sözlə, ölkədə məşğulluğun səviyyəsi nə qədər yüksəlirsə, bu bir o qədər orta təbəqənin sayının artmasına öz müsbət təsirini göstərir. Nəticədə yoxsulluğun səviyyəsi azalır, orta təbəqə nümayəndələrinin sayı artır”.
Vidadi ORDAHALLI