Fikrət Yusifov: “Ölkəyə pul köçürmələrinin artması səbəblərindən biri Rusiyada yaşayan soydaşlarımızın əldə etdiyi qazancın müəyyən hissəsini öz yaxınlarına göndərməsidir”
Məlumatlara görə, ötən il Azərbaycana pul köçürmələri 2 dəfədən çox artıb. 2017-ci ildə iqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyət qeyri-neft ixracı ilə yanaşı, ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının 2017-ci il üzrə pul siyasəti icmalında qeyd olunub.
Bildirilir ki, ilkin rəqəmlərə əsasən, 2017-ci ildə ölkəyə daxil olan pul baratları 1,2 mlrd. dollar təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 2,13 dəfə çoxdur. Qeyd edək ki, 2016-cı ildə ölkəyə daxil olan pul baratları 564 mln. manat təşkil edib.
2017-ci ildə ölkədə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala investisiya axınları 8,6 mlrd. manat ekvivalentində olub ki, bu da əsas kapitala yönəldilmiş ümumi investisiyaların 55,4%-ni təşkil edib. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin çox hissəsi Böyük Britaniya, Türkiyə, Rusiya, İran, ABŞ, Yaponiya, Malaziya, İsveçrə və Çexiya sərmayədarlarına məxsus olub.
Xarici sektordakı müsbət proseslər özünü xarici valyuta ehtiyatlarının dinamikasında da büruzə verib. Ölkənin tədiyyə balansının yaxşılaşması şəraitində 2017-ci ildə strateji valyuta ehtiyatları 11%-dən çox artıb. 2017-ci ilin sonuna ölkənin strateji valyuta ehtiyatları 30 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 2,9 dəfə üstələyib.
Ötən il Azərbaycana pul köçürmələrinin 2 dəfədən çox artması barədə fikir bildirən Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son zamanlar Azərbaycana yatırım etmək istəyində olan iş adamlarının sayı çoxalıb. Bu sahəyə meyl artıb: “Son illər ərzində Azərbaycanın bölgələrində yeni iş yerlərinin açılması istiqamətində geniş fəaliyyət meydanı formalaşıb. Bəzi insanlar vəsaitləri köçürmə yolu ilə işlərini həyata keçirirlər. Kimlərinsə əli ilə bu cür işlər həyata keçirildiyi üçün, vəsait bank vasitəsilə köçürülür”.
Həmsöhbətimiz onu da bildirdi ki, soydaşlarımızın bir qismi Rusiyada yaşayır. Ölkəyə pul köçürmələrinin artması səbəblərindən biri də Rusiyada yaşayan soydaşlarımızın əldə etdiyi qazancın müəyyən hissəsini öz yaxınlarına göndərməsidir.
Günel CƏLİLOVA