Zakir Əhmədov: “Kəmər Azərbaycana hələ uzun müddət dividendlər gətirəcək”
Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin çəkilməsi və 2006-cı ildə istismara verilməsi Azərbaycan üçün yeni mərhələnin başlanğıcı oldu. Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən bu yeni enerji dəhlizinin fəaliyyəti sayəsində Azərbaycan neftinin beynəlxalq bazarlara genişmiqyaslı nəqli və ölkədə çoxvariantlı ixrac strategiyasının həyata keçirilməsi üçün əlverişli imkan yarandı.
Bununla yanaşı, ölkənin tranzit potensialı bir neçə dəfə artdı. BTC əsas ixrac boru kəməri “Əsrin müqaviləsi” çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunan xam neftin dünya bazarına çıxışını təmin etmək üçün inşa edilmiş boru nəqliyyat vasitəsidir.
Bu arada dünyanın ən böyük neft şirkətlərindən biri olan ABŞ-ın “ExxonMobil” korporasiyası BTC layihəsinin səhmdarı olub. Məlumata görə, “BTC Co.”nun səhmdarları arasında dəyişiklik olub. Belə ki, “ExxonMobil” şirkəti “BTC Co.”nun səhmdarı olan “CIECO” şirkətinin 2,5 faizlik səhmini alıb.
Hazırda “BTC Co.”nun səhmdarları belədir: BP (30,1 faiz), “AzBTC” (25 faiz), “Chevron” (8,9 faiz), “Statoil” (8,71 faiz), TPAO (6,53 faiz), “Eni” (5,00 faiz), “Total” (5 faiz), “Itochu” (3,4 faiz), “Inpex” (2,5 faiz), “ExxonMobil” (2,5 faiz) və “ONGC (BTC) Limited” (2,36 faiz) şirkətləri.
Məlumat üçün qeyd edək ki, 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan 2017-ci ilin sonunadək BTC ilə ümumilikdə 383 milyon tondan çox (təxminən 2,87 milyard barrel) xam neft nəql olunub və Ceyhan limanında 3 min 758 tankerə yüklənərək dünya bazarına göndərilib.
Bütövlükdə, “ExxonMobil”in BTC layihəsinin səhmdarı olmasını ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən ekspert Zakir Əhmədov buna müsbət kontekstdən yanaşdı. Onun fikrincə, bunun, ümumilikdə, faydası var: “Nəzərə almaq lazımdır ki, “ExxonMobil” ABŞ-ın qabaqcıl enerji şirkətlərindən biridir. Dünyada neft hasilatında fəal iştirak edir. Ötən il “ExxonMobil”in gəlirləri 18 faiz artıb. Bu da kifayət qədər ciddi rəqəm hesab olunur. Müqayisə üçün qeyd edim ki, “ExxonMobil”in ötən ilin dördüncü rübündəki gəlirləri 2016-cı ilin eyni dövrünə nisbətən 18 faiz artaraq 56,4 milyard dollardan 66,52 milyard dollara çatıb. 2017-ci ilin oktyabr-dekabr aylarında şirkətin xalis mənfəəti isə 2016-cı ilin eyni dövründəki 1,68 milyard dollardan 8,38 milyard dollara yüksəlib. Əlbəttə, belə bir böyük şirkətin BTC-də səhmə sahib olması müsbət haldır. Bu, sözügedən şirkətin Azərbaycanda həyata keçirilən layihələrdə daha fəal iştirak etməsinə gətirib çıxara bilər. BTC ixrac boru kəməri əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən nefti Azərbaycandan nəql edir. Bundan əlavə, hazırda Türkmənistan nefti də bu boru kəməri vasitəsilə nəql olunur. 2013-cü ilin oktyabrından etibarən isə BTC boru kəməri ilə yenidən müəyyən həcmlərdə Qazaxıstanın “Tengiz” yatağından çıxarılan xam neftinin nəqlinə başlandı. Azərbaycanın iqtisadi siyasətinin ən böyük uğurlarından sayılan BTC ölkəmizin Avrasiya regionunda mövqeyini xeyli gücləndirib. BTC ilə təkcə Azərbaycan nefti deyil, qonşu dövlətlərin də nefti ixrac olunur. O baxımdan, kəmər Azərbaycana hələ uzun müddət dividendlər gətirəcək”.
Cəmilə QARAYEVA