Pərviz Heydərov: “Hər il ölkədə əhalinin sosial müdafiəsi istiqamətində müvafiq addımlar atılır”
Xəbər verildiyi kimi, şəhid ailələri, müharibə və 20 Yanvar əlillərinə verilən Prezident təqaüdü artırılıb. Prezident İlham Əliyev 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə, müharibə əlillərinə, eləcə də şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında sərəncamlar imzalayıb. Belə ki, bu kateqoriyalar üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb.
Şəhid ailələri, müharibə və 20 Yanvar əlillərinə verilən təqaüdün artırılması barədə danışan İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, cari ilin dövlət büdcəsində də əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsi üçün vəsait nəzərdə tutulub. Ümumiyyətlə, hər il ölkədə əhalinin sosial müdafiəsi istiqamətində müvafiq addımlar atılır. İndiyədək həyata keçirilən bir sıra tədbirlər, müxtəlif kateqoriyalar üzrə təqaüdün artırılması görülən işlərin davamıdır: “20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin, müharibə əlillərinin, eləcə də şəhid ailələrinin təqaüdünün artırılması onların sosial durumuna müsbət təsir edəcək. Bu, həmçinin, onlara mənəvi-psixoloji baxımdan da müsbət təsir göstərəcək. Çünki təqaüdün artırılması onların sosial sıxıntılarını azaldacaq.
Təqaüdün artırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər arasında mühüm əhəmiyyət kəsb edir”.
Həmsöhbətimiz onu da vurğuladı ki, xüsusi olaraq şəhid ailələrinin təqaüdünün artırılması sevindiricidir. Nəzərə almaq lazımdır ki, şəhid ailələri əhalinin ən həssas təbəqəsi sayılır: “Bu qərar o ailələrin maddi durumunun, müəyyən dərəcədə olsa da, inkişaf etməsinə səbəb olacaq.
Günel CƏLİLOVA