Eyyub Hüseynov: “Yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatının adıçəkilən qurum tərəfindən verilməsi bu sahədə inkişafa səbəb olacaq”
"Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası"nda dəyişiklik edilib. Bu barədə Nazirlər Kabinetinin qərarında deyilir. Dəyişikliyə əsasən, Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarını artıq İqtisadiyyat Nazirliyi deyil, Qida Təhlükəsizliyi Agentliyi verəcək.
“Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”də edilən dəyişikliklərə görə, taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini artıq İqtisadiyyat Nazirliyi deyil, Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək. “Azərbaycan Respublikası ərazisinin sanitar mühafizəsi Qaydaları"nda edilən dəyişikliyə əsasən isə dövlət sərhədinin buraxılış məntəqələrindən ölkəyə idxal olunan qida məhsullarının qida təhlükəsizliyi baxımından yoxlanılmasını gömrük orqanları ilə birlikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək.
Yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarını artıq Qida Təhlükəsizliyi Agentliyinin verməsi barədə fikir bildirən Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bizimlə söhbətində qeyd etdi ki, yeni yaradılan agentliyin əsasnaməsində kifayət qədər əhəmiyyətli məsələlər qeyd olunub: “Birlik uzun illərdir belə bir agentliyin yaradılmasını gözləyirdi. Qida Təhlükəsizliyi Agentliyi effektli fəaliyyət göstərsə, Azərbaycan məhsullarının sərbəst şəkildə xarici bazarlara çıxarılması təmin olunacaq. Qeyd olunan qurum mütəmadi olaraq KİV təmsilçiləri, ictimaiyyət və ictimai təşkilatlarla birgə çalışmalıdır”.
Həmsöhbətimizin sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyinin qarşısına əhəmiyyətli məsələlər qoyulub: “Murdar ətlərin Azərbaycandan yığışdırılması, ənənəvi olmayan heyvan və xəstə ətlərin satılması və ya bağçalara getməsinin qarşısının alınması kimi məsələlər qeyd olunub. O cümlədən, küçədə heyvanların kəsilməsi, İvanovka adı altında çoxlu sayda naməlum məhsulun satılmasına yol verilməməsi, həmçinin, malların markalanması da bu fəaliyyətə daxildir”.
Ekspertin fikrincə, yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatının adıçəkilən qurum tərəfindən verilməsi bu sahədə inkişafa səbəb olacaq.
Günel CƏLİLOVA