Rəsul Cahangirli: “Düşünürəm ki, bu istiqamətdə görülən tədbirlər öz bəhrəsini verəcək”
Arıçılığa dövlət dəstəyi artırılacaq. Prezident İlham Əliyev “Regionların 2014-2018-ci illərdə inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı tədbirdə belə deyib. Dövlət başçısı bildirib ki, bal istehsalını stimullaşdırmaq məqsədilə sahibkarlara subsidiya yeni qayda ilə veriləcək.
Prezident sözügedən tədbirdə sahibkarları arıçılığa diqqəti artırmağa çağırıb. Bunu perspektivli sahə adlandıran dövlət başçısı bildirib ki, hər arı ailəsinə görə arıçılara subsidiyalar veriləcək. İldə hər pətəyə görə 10 manat subsidiya verilməsi nəzərdə tutulur. Məqsəd bu sahəyə marağı daha da artırmaq və balı böyük ixrac məhsuluna çevirməkdir: “Bizim arıçılıq üçün çox gözəl təbii şəraitimiz var. Cənubi Qafqazda biz arıçılığın inkişafı üçün xüsusi bölgələrə malikik. Arıçılara indi dövlət dəstəyi də verilməlidir və veriləcək. Hər arı ailəsinə görə arıçılara subsidiyalar verilməlidir və veriləcək. Deməli, ildə hər pətəyə dövlət tərəfindən 10 manat subsidiya veriləcək ki, bu sahəyə maraq daha da artsın və bal bizim böyük ixrac məhsulumuza çevrilsin”.
Azərbaycanda istehsal olunan bal və digər arıçılıq məhsulları öz keyfiyyətinə və ekoloji cəhətdən təmiz olmasına görə fərqlənir. Məhz bu səbəbdən arıçılar iştirak etdikləri ixrac missiyalarında və xaricdəki qida sərgilərində böyük həcmdə sifariş alırlar.
Qeyd edək ki, 2016-cı ilin rəsmi məlumatına görə, Azərbaycanda 260 min arı ailəsi var. Həmin il bal istehsalı 2.7 min ton olub. Mütəxəssislər hesab edirlər ki, əslində, arı ailələrinin və istehsal olunan məhsulun həcmi daha çoxdur. Arıçılar əsasən fərdi təsərrüfatlar şəklində fəaliyyət göstərdiyindən, bir çox hallarda onların məhsulu statistikada əksini tapmır.
Bütövlükdə, arıçılıqla bağlı subsidiyaların verilməsi bu sahənin inkişafına nə kimi təkan verəcək? Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin fikrincə, subsidiyalar, uzunmüddətli kreditlərin verilməsi arıçılığın inkişafına ciddi təkan verə bilər: “Arıçılığın inkişafı böyük iqtisadi fayda verə bilər. Nəzərə almaq lazımdır ki, bununla bağlı ölkədə böyük potensial var. Ona görə də sahibkarları həvəsləndirmək üçün onlara subsidiyaların verilməsi daha çox bal istehsal olunmasına şərait yaradacaq. Nəzərə almaq lazımdır ki, bazara çıxarılan balın müəyyən hissəsi saxta məhsuldur. Bu işlə məşğul olan işbazlar “məhsulu” ucuz təklif etdiklərindən, bu sahə ilə məşğul olan arıçılarımız məhsullarını bazara normal qiymətlə çıxarıb sata bilmirlər. Bu gün, həmçinin, əhalinin keyfiyyətli bala olan tələbatı da tam ödənilmir. Hesab edirəm ki, subsidiyaların verilməsi ilə yanaşı, arıçılıqla bağlı xüsusi proqramın qəbul edilməsinə ehtiyac var. Onların maliyyə imkanlarını yaxşılaşdırmaq lazımdır ki, bu sahədə yaranan maddi çətinlikləri aradan qaldırmaq mümkün olsun. Yəni bir çox məqamlar var ki, ona ciddi əməl edilməlidir. Bu minvalla Azərbaycanda adambaşına istehsal olunan bal məhsulunu daha da artırmaq mümkündür. Ona görə də bu sahənin real olaraq inkişafı üçün subsidiyaların verilməsi müsbət addımdır. Eyni zamanda, ucuz və güzəştli kreditlərin verilməsi arı ailələrinin artmasına, arıların yemlənməsi üçün bitkiçiliyin inkişaf etdirilməsinə, daha məhsuldar arı cinslərinin yetişdirilməsinə, arı ailələrinin lazım olan uzaq məsafələrə aparılmasına, nəticədə son olaraq istehsalın, o cümlədən keyfiyyətin artmasına gətirib çıxaracaq. Düşünürəm ki, bu istiqamətdə görülən tədbirlər öz bəhrəsini verəcək”.
Vidadi ORDAHALLI