İqtisadçı-alim məqalədə yazır: "İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Birinci altı ayın nəticələri bir daha sübut etdi ki, keçən ilin sonlarında ölkə Prezidentinin 2017-ci ilin ölkəmizin iqtisadiyyatında dönüş ili olacağına dair verdiyi bəyanatlar olduğu kimi öz təsdiqini tapdı. Ötən dövr ərzində Azərbaycan iqtisadiyyatında dünyada gedən iqtisadi və maliyyə təlatümləri fonunda 2016-cı ildə baş vermiş müəyyən geriliklər nəinki tamamilə aradan qaldırıla bildi, o, eyni zamanda yeni, sürətli inkişaf mərhələsinə qədəm qoydu. Ölkə iqtisadiyyatının yeni, sürətli inkişaf mərhələsini xarakterizə edən ən maraqlı göstəricilər isə müşavirədə cənab İlham Əliyevin son altı ayda əldə edilmiş uğurlara dair səsləndirdiyi fikirlərdə öz əksini çox aydın şəkildə tapdı. Ötən altı ay ərzində ixracın 36 %, qeyri-neft ixracının 27 faiz, xarici ticarət dövriyyəsinin müsbət saldosunun 2 milyard dollar, valyuta ehtiyatlarımızın isə 3 milyard dollara qədər artması kimi uğurlu göstəricilər Azərbaycan iqtisadiyyatının real durumuna dair bütün suallara cavab verir. Unutmayaq ki, bütün bunlar bir neft ölkəsi olan Azərbaycanda, dünya bazarlarında neftin qiymətlərinin bir neçə dəfə aşağı düşdüyü bir şəraitdə əldə edilib. Bu ilin birinci rübündə biz valyuta ehtiyatlarımızı bir milyard dollar artıra bilmişdiksə, son üç ayda onun əlavə olaraq daha iki milyard dollar artımına nail olmuşuq.
İqtisadiyyatın inkişafını xarakterizə edən bir başqa göstərici idxalın azalması və ixracın artmasıdır. Burada söhbət təbii ki, qeyri-neft sektorundan gedir. Bu sahədə ötən altı ayda hansı uğurlar qazanılıb? Bu uğurlar ölkə Prezidentinin müşavirədə səsləndirdiyi faktlarda konkret əks olunub: "Bu ilin altı ayında ixrac 36 faiz artıb. Burada da ən önəmlisi qeyri-neft ixracıdır. Qeyri-neft ixracı altı ayda 27 faiz artıb. Bax, budur gördüyümüz işlərin nəticələri. Bununla bərabər, idxal 15 faiz azalıb". İdxalın azalması o deməkdir ki, biz artıq yerli istehsalın artırılması hesabına daxili bazarın zəruri məhsullara tələbatını getdikcə daha çox ödəyə bilirik. Deməli, bununla da ölkədən xarici valyuta axınını azaltmış oluruq. Qeyri-neft sektorundan ixracın getdikcə artması hökumətin son illər ərzində bu sahənin sürətli inkişafını təmin edəcək qərarlarının uğurla icra edilməsi əsasında mümkün ola bildi.
Ölkə Prezidenti real sektordan ixracın vəziyyətindən bəhs edərkən kifayət qədər maraqlı olan faktlar sadaladı: "Mən burada da bəzi rəqəmləri səsləndirmək istəyirəm: bu il pomidor ixracı 55 faiz, kartof 63 faiz, soğan 1100 faiz, pambıq 154 faiz, pambıq lifi 650 faiz, süd məhsulları təqribən 400 faiz, meyvə və tərəvəz emalı məhsulları 54 faiz, emal olunmamış dəri 38 faiz, spirtli və spirtsiz içkilər 16 faiz, o cümlədən şərab 13 faiz, alma təxminən 200 faiz, xurma 14 faiz, nar 106 faiz, çay 50 faiz, şokolad 50 faiz, tütün məmulatları 5 faiz, bitki-heyvan mənşəli yağlar 7 faiz artıb. Bax, bunlar görülən işlərin nəticəsidir. Sənaye məhsullarının ixracı: qızıl 64 faiz, elektrik enerjisi 300 faiz, - biz indi elektrik enerjisini satırıq və birinci altı ayda 25 milyon dollar dəyərində satmışıq. Nəyə görə? Çünki biz xətləri tikdik, birləşdirdik, bütün qonşu ölkələrlə bizim yüksək gərginlikli xətlərimiz var və ixrac edirik, - alüminium 30 faiz, plastik məmulatlar 22 faiz, avadanlıqlar, mexaniki qurğular 50 faiz, mis 67 faiz, mis-filiz konsentratlar 100 faiz, qatran yağları 56 faiz, bentonit gili 255 faiz, toxuculuq məmulatları 73 faiz, daş, gips, sement 3000 faiz, kimya sənayesi məhsulları 8 faiz, qurğuşun 123 faiz artıb". Bu rəqəmlər dinamik inkişafın real nəticələrini özündə əks etdirir.
Hesabat dövründə idxalın bu şəkildə azalması və ixracın belə kəskin artması ölkə iqtisadiyyatında sabitliyin təmin edildiyinin əsas göstəricisidir. Eyni zamanda, bu onu da deməyə əsas verir ki, biz artıq idxal üçün xərclədiyimiz valyuta vəsaitlərinin azalmasına nail ola bilmişik. Ticarət dövriyyəsinin 2 milyard dollar səviyyəsində müsbət saldoya malik olması və valyuta ehtiyatlarımızın 3 milyard dollara qədər artması iqtisadiyyatda baş verən müsbət dəyişikliklərin konkret nəticəsidir.
Bütün bu göstəricilər Azərbaycan hökumətinin apardığı islahatların nə qədər düzgün və səmərəli olduğunu bir daha təsdiqləyir. Bu nəticələr göstərir ki, Azərbaycan iqtisadiyyatı bütün sahələr üzrə çox sürətli inkişaf mərhələsinə adlayıb.
Bu gün dünyada ictimai-siyasi sabitliyin nümunəsinə çevrilən Azərbaycana xarici investisiyaların axını daha da artıb. Bu məsələyə münasibət bildirən cənab Prezident İlham Əliyev çox haqlı olaraq vəziyyəti belə qiymətləndirdi: "Bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. Bu gün sərmayə qoyuluşu demək olar ki, bütün ölkələrdə azalır. Çünki maliyyə sıxıntıları, problemlər var. Amma Azərbaycana sərmayə qoyulur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Yəni xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Nəyə görə? Təkcə ona görə yox ki, bizdə yaxşı investisiya iqlimi var. Ona görə ki, Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar". Bəli, bu böyük bir həqiqətdir ki, bu gün dünyada sabit olan ölkələrin sayı kəskin azalır, Azərbaycan isə getdikcə bu sabitliyin daha bariz nümunəsinə çevrilir.
Artıq bir neçə ildir Azərbaycan hökuməti ölkədə qeyri-neft sənayesinin inkişafı istiqamətində çox ciddi layihələrin reallaşdırılmasına start verib. Neft-kimya sənayesi məhsullarının istehsalının və ixracının əsaslı şəkildə genişləndirilməsini nəzərdə tutan bu layihələr yaxın gələcəkdə ölkəyə daha çox valyuta axınını təmin edəcək. Aqrar sektorda strateji xammal olan pambığın, baramanın, tütünün və digər məhsulların istehsalını dəfələrlə artırmağı hədəfləyən proqramlar isə, öz növbəsində, bu məhsulların xaricə yalnız xammal şəklində satışını nəzərdə tutmur. Burada söbət pambığın, baramanın, tütünün və digər məhsulların ölkə daxilində emal edilməsi hesabına idxala olan tələbatı əsaslı şəkildə azaltmaqdan və həmin məhsulların ixracı yolu ilə ölkənin valyuta gəlirlərini kifayət qədər artırmaqdan gedir.
Ölkə iqtisadiyyatının qarşısında duran vəzifələr onun növbəti dövrdə də eyni qaydada inkişafını nəzərdə tutacaq. Yəni qeyri-neft sektorunun inkişafı əsas prioritet olaraq qalacaq. Bu gün bir neçə il öncə ölkə Prezidentinin proqram kimi təqdim etdiyi layihələr artıq reallaşır. Xüsusilə sənaye parklarının yaradılması sahəsində işlər uğurla gedir. Sumqayıt Sənaye parklarında rezidentlərin sayı, investisiyaların həcmi artır, digər bölgələrimizdə də böyük sənaye kompleksləri yaradılır. Mingəçevir Sənaye Parkında 9 zavod tikiləcək və bu zavodların fəaliyyəti nəticəsində 5 mindən çox iş yeri yaradılacaq, Balaxanı Parkında 5 zavod fəaliyyətə hazırdır, Neftçala Sənaye Zonasında yaxın vaxtlarda iki müəssisə fəaliyyətə başlayacaq, Pirallahı adasında iki dərman zavodunun təməli qoyulub.
Bu il tikinti sektorunun sürətli inkişafını təmin edəcək addımların proqnozlaşdırılması isə təkcə bu sektorun canlanması demək deyil. Paralel olaraq tikinti materialları sənayesinin inkişafı vüsət alıb. Bütün bunlar minlərlə yeni iş yerinin açılmasına təkan verir və ölkənin tikinti sektorunun ehtiyacı olan məhsulların istehsalını artırır.
Müşavirədə cənab Prezident aqrar sektorun inkişafı ilə bağlı məsələlərə ətraflı toxunaraq bu il kənd təsərrüfatı məhsullarının ixracının ötən illə müqayisədə iki dəfə artırılmasının vacibliyini vurğuladı. Aqrar sektorun sürətli inkişafını təmin edəcək bütün zəruri tədbirləri görən dövlətimizin haqlı olaraq bu sahədən gözləntiləri kifayət qədər böyükdür. Biz iki il ərzində strateji məhsulların - pambığın, baramanın, tütünün, fındığın və s. istehsalını kifayət qədər böyük sürətlə artıra bilmişik. Əgər 2015-ci ildə cəmi 18 min hektarda pambıq əkilmişdisə, 2016-cı ildə bu rəqəm 51 min hektara çatıb və cari ildə 136 min hektar sahədə pambıq əkilib. Əgər 2015-ci ildə 35 min ton, keçən il isə təxminən 90 min tona yaxın pambıq tədarük edilibsə, cari ildə bu rəqəmin 270 min tona çatdırılacağı gözləniləndir.
İki il ərzində barama istehsalını 200 kiloqramdan 350 dəfə artıraraq 70 tona çatdıra bilmişiksə və tezliklə bu məhsulun istehsalını 1300 tona qaldırmaq istəyiriksə, bu artıq aqrar sektorda gedən inqilabi bir dönüşün göstəricisidir. Dövlət hesabına bir milyon yeddi yüz min tut ağacının alınıb barama tədarük edən kənd adamlarına hədiyyə edilməsi isə dövlətin aqrar sektorda çalışan vətəndaşlara birbaşa yardımı deməkdir. Aqrar sektorda eyni uğurla üzümçülüyün, tütünçülüyün, taxılçılığın, heyvandarlığın inkişaf perspektivləri nəzərdə tutulur. Yeni fındıq, xurma, badam, zeytun bağlarının salınması, onların coğrafiyasının genişləndirilməsi isə bizə nəinki daxili bazarın bu məhsullara olan ehtiyacını ödəməyə imkan verəcək, həm də onların ixracından kifayət qədər valyuta gəlirləri əldə edə biləcəyik.
Bir sözlə, dünyada baş verən iqtisadi tənəzzülün ölkəmizdən də yan keçmədiyi bir dönəmdə biz cari ilin birinci yarısında nəinki bu geriləməni aradan qaldırdıq, hətta artıma da nail ola bildik. Biz artıq cari ili çəkinmədən iqtisadi inkişafımızda yeni mərhələnin başlanğıc ili kimi dəyərləndirə bilərik. Bu il ölkə iqtisadiyyatının qeyri-neft sektorunda ciddi dəyişikliklərin baş verəcəyi heç kimdə şübhə doğurmur. Ötən üç ay ərzində real sektorda ixracın həcminin belə kəskin artmasını hökumətin son il yarım ərzində bu sahənin inkişafı istiqamətində atdığı qətiyyətli addımların real nəticəsi kimi dəyərləndirmək lazımdır".