2026-cı ildə təkrar sertifikatlaşdırma imtahanlarında uğursuz nəticə göstərmiş müəllimlərlə işin təşkili üçün xüsusi komissiyalar yaradılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, həmin komissiyalar iyulun 31-dək Agentliyin yerli təhsil idarəetmə orqanlarında fəaliyyət göstərəcək. Komissiyaların yaradılmasında əsas məqsəd keçid balını toplaya bilməyən müəllimlərin sosial statusunu mərhələli şəkildə dəyərləndirmək, habelə onların alternativ iş yerləri ilə təmin olunması imkanlarını araşdırmaqdır.
Agentlik bu il təkrar imtahanlardan kəsilən müəllimlərin dəqiq sayını hələlik açıqlamayıb. Həmin müəllimlərin sertifikatlaşdırma prosesinə münasibəti də məlum deyil. Rəsmi statistikaya görə, 2022-ci ildən bəri sertifikatlaşdırma imtahanlarında 104 mindən çox müəllim iştirak edib. Həmin dövrdə ümumilikdə 9 min müəllimin əmək müqaviləsinə xitam verilib. Elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil" mövzusunda keçirilən hesabat tədbirində bildirib ki, sertifikasiya imtahanlarının hər iki cəhdində uğursuz nəticə göstərən ümumilikdə 9 min 334 müəllimin əmək müqaviləsi ləğv edilib. Nazirin sözlərinə görə, ümumilikdə 91 min 407 müəllim sertifikatlaşdırma prosesini müvəffəqiyyətlə başa vurub. İmtahan nəticələrinə əsasən, 60 min 818 müəllimin əməkhaqqına 10 faiz, daha yüksək göstərici əldə edən 30 min 590 müəllimin maaşına isə 35 faiz əlavə edilib.
Azərbaycanda müəllimlər üçün sertifikatlaşdırma prosesi 2022-ci ildə başlayıb və test, müsahibə olmaqla iki mərhələdən ibarətdir. Bu prosesi müvəffəqiyyətlə başa vuran müəllimlərin maaşlarına 10 faizdən 35 faizədək əlavə edilir. Layihənin icrası dövründə narazılıqlar da qeydə alınıb. Artıq bütün müəllimlər 2022–2026-cı illəri əhatə edən sertifikatlaşdırma imtahanlarını başa vurub.
Samirə SƏFƏROVA