Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə baş alıb gedən hərcmərclik, hakimiyyət uğrunda çəkişmələr və səriştəsiz rəhbərlik, həmçinin, hərbi təcavüz və ölkə ərazisinin 20 faiz ərazisinin işğal edilməsi, aqrar sənaye potensialına və sosial sferaya 15 milyard ABŞ dolları həcmində ziyan vurulması, sayı 1 milyona yaxın olan və ya ölkə əhalisinin 15 faizini təşkil edən insanların öz ata-baba yurdlarından qaçqın və məcburi köçkün düşməsi respublikamızda sosial-iqtisadi böhranı daha da dərinləşdirdi, iqtisadi islahatların aparılması yolunda çoxsaylı əngəllər yaratdı və bazar iqtisadiyyatına keçid dövrünün problemlərini daha da artırdı.
Ona görə də Azərbaycan sənaye və aqrar sektorlarda istehsalın tənəzzülünün qarşısını almaqda, ərzaq təhlükəsizliyini qorumaqda, istehlak bazarını gündəlik tələbat malları ilə, xüsusilə də əhalinin ərzaq resursları ilə təchizatını təmin etməkdə, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaqda çox ciddi problemlərlə üzləşdi. Məhz ölkəyə səriştəsiz rəhbərlik üzündən respublikamızda, xüsusilə də regionlarda bölgə sakinləri üçün lazımi sosial-iqtisadi şəraitin və mühitin yaradılmaması, yeni iş yerlərinin açılmaması və digər vacib məsələlərin həll olunmaması ucbatından yerli işçi qüvvəsi öz əmək qabiliyyətindən maksimum faydalanmaq və işlə təmin olunmaq üçün paytaxt Bakı şəhərinə və hətta xarici ölkələrə üz tutmağa başladı. Nəticədə bölgələrdə istehsal azaldı, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına süni maneələr yarandı, regionların sosial-iqtisadi inkişafında tarazlıq pozuldu. Statistik məlumatlara görə, 1991-1993-cü illərdə Azərbaycanda müəssisələrin böyük əksəriyyətində istehsal prosesi dayanıb və ya müəssisələr öz gücünün cəmi 15-20 faizi səviyyəsində fəaliyyət göstərib. Həmin illərdə sənayedə illik geriləmə 20-30, kənd təsərrüfatında 16-24, kapital qoyuluşunda isə 40 faizə çatıb. İstehlak mallarının qiymətləri ildə 14-18 dəfə artıb. Ölkə iqtisadiyyatını bürüyən tənəzzül və baş alıb gedən inflyasiya əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə, onun sosial vəziyyətinin kəskin surətdə pisləşməsinə səbəb olub. Sevindirici haldır ki, yaranmış acınacaqlı durumun uzun sürməməsi üçün 1993-cü ilin iyununda xalqın tələbi və təkidi ilə Azərbaycan Respublikasının rəhbərliyinə qayıdan Heydər Əliyev ölkənin ictimai-siyasi və iqtisadi həyatını mövcud tənəzzüldən çıxarmaq və tərəqqiyə nail olmaq üçün tarixi addımlar atmağa başlayıb. Dahi rəhbərin müdrik siyasəti, uğurlu siyasi və diplomatik gedişləri nəticəsində Azərbaycanda vətəndaş müharibəsinin qarşısı alınıb, ölkəmiz qardaş qırğını təhlükəsindən xilas edilib və hakimiyyət uğrunda silahlı mübarizələrə son qoyulub.
Məhz Azərbaycanda ictimai-siyasi sabitlik təmin olunduqdan və erməni təcavüzünə son qoymaq üçün 1994-cü ilin mayında atəşkəs elan edildikdən sonra ölkəmizdə dövlət quruculuğu prosesinə və sosial-iqtisadi problemlərin həlli üçün iqtisadi islahatların həyata keçirilməsinə başlanıb. Hüquqi və dünyəvi dövlət yaradılmasını, iqtisadi islahatların aparılmasını, bazar iqtisadiyyatının prinsiplərinin tətbiq edilməsini, həmçinin, xalqın maddi və mənəvi cəhətdən təmin olunmasını fəaliyyətinin əsas istiqaməti seçən Heydər Əliyev iqtisadiyyatımızın dirçəldilməsi sahəsində böyük işlər görüb. Xüsusilə də ümummilli liderimizin 1994-cü ildə əsasını qoyduğu və sonrakı illərdə uğurla həyata keçirdiyi neft strategiyası və konsepsiyası çox mühüm strateji əhəmiyyət daşıyan nailiyyətlərdən biridir. Qeyd edək ki, ulu öndərin sayəsində 1994-cü il sentyabrın 20-də isə dünyanın tanınmış neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında saziş - "Əsrin müqaviləsi" imzalandı. Sonra ölkəmiz neft və qaz, həmçinin, digər mədən sənayesi sahələri üzrə bir sıra xarici şirkətlərlə müqavilələrə imza atdı, həmin sahələrin inkişafına investisiyaların yatırılmasına və ölkəmizə kapital axınının sürətlənməsinə başlandı. Nəticədə əldə edilən gəlirlərin həcmi ilbəil artdı.
Məhz "Əsrin müqaviləsi"nin imzalanması ilə başlanan uğurlu neft strategiyası göstərdi ki, Heydər Əliyevin vaxtında gördüyü qəti tədbirlər nəticəsində neft və qaz təsərrüfatının dağılmasının qarşısı alınıb, neft sənayesində canlanma baş verib və Azərbaycanda neft və qaz hasilatının aşağı düşməsi tempi dayandırılıb. Belə ki, 1996-cı ildə neft hasilatının aşağı düşməsi tempi 0,7 faiz, 1997-ci ildə 0,3 faiz olub, 1998-ci ildən isə neft hasilatı sabitləşib. Qaz hasilatının aşağı düşməsi tempi 1998-ci ildə 6,3 faiz olub, 1999-cu ildə isə tamamilə dayandırılıb.
Ulu öndərin rəhbərliyi ilə Azərbaycanda neft-qaz sektorunun inkişaf etdiriləsi, neft strategiyasının uğurla həyata keçirilməsi respublikamız üçün həm iqtisadi, həm siyasi baxımdan böyük əhəmiyyət kəsb edib, dünya iqtisadiyyatına inteqrasiyanın daha da sürətləndirilməsinə və xarici sərmayələrin ölkəmizə cəlb olunmasına imkanlar yaradıb. Belə ki, məhz "Əsrin müqaviləsi"nin imzalanmasından sonra təkcə neft şirkətlərinin deyil, digər sahələrdə fəaliyyət göstərən nüfuzlu şirkətlərin də Azərbaycana gəlişi baş tutub. Bununla da xarici ölkələrlə respublikamız arasında siyasi və mədəni əməkdaşlığın genişlənməsi, Azərbaycana və Azərbaycan hökumətinin siyasi və iqtisadi xəttinə etimadın artması, eləcə də müstəqil dövlətimizin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi mümkünləşib.
Qeyd edək ki, ölkəmizin neft strategiyasının ən əsas istiqamətlərindən biri Azərbaycan neftinin dünya bazarlarına nəql edilməsindən ibarət idi. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafının, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədilə strateji əhəmiyyətli, buraxılış imkanı ildə 50 milyon ton neft, uzunluğu 1730 kilometr olan yeni - Bakı-Tiflis-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirilib, aparılan danışıqlar uğurla nəticələnib. Məhz Heydər Əliyevin dünyada yüksək nüfuzu, gündəlik diqqəti və rəhbərliyi nəticəsində Azərbaycanın maraqlarını yüksək səviyyədə qoruyub saxlaması və mütəmadi olaraq müxtəlif dövlət başçıları ilə danışıqları sayəsində Azərbaycan neftinin Türkiyəyə nəql olunması məsələləri qısa müddət ərzində həll olunub və bununla bağlı çox əhəmiyyətli hökumətlərarası sazişlər imzalanıb.
Xatırladaq ki, Azərbaycanın müstəqilliyinin ilk illərində keçmiş SSRİ dövründə formalaşmış ənənəvi iqtisadi əlaqələrin qırılması, təsərrüfatların lazımi maşın və texnika, gübrə ilə təchizatının dayanması üzündən aqrar bölmədə tənəzzül daha da dərinləşərək son həddə çatıb. Ona görə də dövlət rəhbərliyinin qarşısında kənd təsərrüfatının da yeni iqtisadi şəraitə uyğun inkişafı üçün köklü islahatların aparılması, müasir tələblərə cavab verən yeni iqtisadi münasibətlərin qurulması kimi vəzifələr dururdu. Heydər Əliyev Azərbaycan torpaqlarını və onların istehsal gücünü yaxşı bildiyi üçün, aqrar sahənin potensialından tam istifadə etməklə, iqtisadi və ərzaq təhlükəsizliyinin təmin olunmasını qarşıya məqsəd qoymuşdu. O, neft amilindən uğurla istifadə edərək, ölkə iqtisadiyyatının bütün sahələrini, o cümlədən aqrar sahəni inkişaf etdirmək üçün ciddi addımlar atdı. 1993-cü ilin 2-ci yarısından başlayaraq Heydər Əliyevin göstərişi ilə aqrar sektorda islahatlara start verildi. 1995-ci ildə "Aqrar islahatların əsasları haqqında", "Sovxoz və kolxozların islahatı haqqında" və 1996-cı ildə "Torpaq islahatı haqqında" qanunlar qəbul edildi. 1995-1996-cı illərdə sözügedən qanunların və digər vacib normativ-hüquqi aktların qəbulu aqrar-sənaye kompleksində köklü dəyişikliklər aparmaq üçün imkanlar yaratdı. Belə ki, "Torpaq islahatı haqqında" Qanunda Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq torpağın xüsusi mülkiyyətə verilməsi, onun alqı-satqı obyekti olması kimi amillər öz əksini tapdı. Digər ölkələrdən fərqli olaraq, Azərbaycanda torpaqlar vətəndaşlara pulsuz və əvəzsiz verildi, vətəndaşlar yararsız və ya az yararlı torpaqlarla deyil, keçmiş kolxoz və sovxozların ən yararlı və münbit torpaqları ilə təmin edildi. Fiziki və hüquqi şəxslərə öz mülkiyyətlərindəki torpaq sahələri üzərində müstəsna hüquqlar, alqı-satqı, bağışlama, icarəyə və ya istifadəyə vermə, vərəsəlik, girov qoyma və sair hüquqlar verildi. Nəticədə 3 milyon 500 minə qədər insan torpaq mülkiyyətçisinə çevrildi. 842 minə qədər ailə-kəndli təsərrüfatı, 36 məhdud məsuliyyətli cəmiyyət, 79-dan çox kənd təsərrüfatı istehsal kooperativi, 2409 kənd təsərrüfatı müəssisəsi, 2571 fərdi sahibkarlar və 220 sair kənd təsərrüfatı müəssisəsi yaradıldı. Hazırda ölkədə 2600-dən çox kəndli-fermer təsərrüfatı fəaliyyət göstərir və istehsal edilən kənd təsərrüfatı məhsullarının 99,1 faizi onların payına düşür.
Heydər Əliyev kənd təsərrüfatı məhsulları istehsalını artırmaq və bu sahədə sahibkarlığın inkişafını sürətləndirmək məqsədilə 27 noyabr 2001-ci ildə "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında" Qanunu təsdiq etdi. Həmin qanuna əsasən, 2001-ci il yanvarın 1-dən başlayaraq 3 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər bəzi vergiləri ödəməkdən azad olundu. Məhz bu cür məqsədyönlü tədbirlər nəticəsində kənd təsərrüfatında ümumi məhsul istehsalı 1993-cü ildəki 52,3 milyard manatdan 2002-ci ildəki 6355,7 milyard manata yüksəldi. Həyata keçirilən tədbirlər nəticəsində 2000-ci ildə 1995-ci illə müqayisədə taxıl istehsalı 67 faiz, kartof istehsalı 3 dəfə, tərəvəz istehsalı 84 faiz, meyvə istehsalı 47 faiz, bostan məhsulları istehsalı 6,2 dəfə, tütün istehsalı isə 48 faiz artdı.
Heydər Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatında aparılan köklü islahatlar heyvandarlıqda əsaslı dönüş yaratdı, ət və digər heyvandarlıq məhsullarının istehsalı yüksəldi. 1995-2000-ci illərdə ət istehsalı 33, süd istehsalı 25, yumurta istehsalı isə 19 faiz artdı və ölkədə ət və ət məhsullarına olan tələbatın xeyli hissəsi daxili istehsal hesabına ödənildi.
Vurğulamaq yerinə düşər ki, 1993-1995-ci illərdə ölkədə ictimai-siyasi sabitliyin yaranması sayəsində həyata keçirilən islahatlar iqtisadiyyatda 80-ci illərin sonlarından davam edən geriliyin qarşısını almağa və 1996-cı ildən başlayaraq bir çox sahələrdə, xüsusilə də makroiqtisadi göstəricilərdə irəliləyişin əldə edilməsinə imkan verib. Belə ki, ötən dövr ərzində ümumdaxili məhsul bütövlükdə 52,8 faiz artıb və bu da MDB məkanında ən yüksək göstərici olub.
Ümummilli liderimizin uğurlu iqtisadi islahatları barədə çox yazmaq olar. Danılmaz bir faktdır ki, məhz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi inkişafı sürətlənib, regionların və sahibkarlığın inkişafında ciddi nailiyyətlər qazanılıb, bütün maliyyə mənbələri hesabına milli iqtisadiyyata investisiya qoyuluşlarının həcminin, eləcə də yeni iş yerlərinin, əhalinin gəlirlərinin artmasında və yoxsulluğun səviyyəsinin azalmasında çox böyük irəliləyişlər əldə edilib.
Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin başçılığı altında uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın bu sahədə gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaradır. Yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir. Xüsusilə də ayrı-ayrı dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla, ölkənin iqtisadi inkişafında və əhalinin rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayacaq.
İradə SARIYEVA
Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir.