Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-may aylarında 38 836, 2026-cı il yanvar-may aylarında 28 631 körpə dünyaya gəlib. Beləliklə, doğum sayı cəmi bir il ərzində eyni dövr üçün 10 205 nəfər (təxminən 26%) azalıb. Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib: “Hər 1000 nəfərə düşən doğum əmsalı 2025-ci ilin ilk 5 ayında 9,2 olduğu halda, 2026-cı ilin müvafiq dövründə 8,5-ə enib. Ölkədən gənclərin sürətli köçünü də nəzərə alsaq, məmləkət demoqrafik fəlakətə doğru gedir”. Xatırladaq ki, 2024-cü ilin ilk beş ayında 43 min 317 körpə doğulmuşdu.
Ümumiyyətlə, Azərbaycanda son illər doğum səviyyəsinin sürətlə azalması artıq ciddi demoqrafik və sosial problem kimi qiymətləndirilir. Rəsmi statistik göstəricilər ölkədə təbii artım tempinin zəiflədiyini, gənc ailələrin isə əvvəlki nəsillərlə müqayisədə daha az uşaq sahibi olmağa üstünlük verdiyini göstərir. Mütəxəssislər hesab edir ki, doğum səviyyəsinin aşağı düşməsi yalnız iqtisadi faktorlarla bağlı deyil. Cəmiyyətin ailə modeli, həyat tərzi və dünyagörüşü də dəyişir. Demoqrafik vəziyyətin pisləşməsinin əsas səbəblərindən biri iqtisadi amillərdir. Mənzil qiymətlərinin yüksək olması, yaşayış xərclərinin artması və ailə büdcəsinin məhdudluğu bir çox gənc ailənin övlad sayını azaltmasına səbəb olur. Gənclər əvvəlcə təhsil almağa, sabit iş tapmağa və maddi vəziyyətlərini yaxşılaşdırmağa çalışırlar. Bu isə ailə qurma və uşaq sahibi olma qərarını gecikdirir. Nəticədə doğum səviyyəsi aşağı düşür və əhalinin yaşlanması prosesi sürətlənir. Digər mühüm problem miqrasiyadır. Son illərdə təhsil, iş və daha yüksək həyat səviyyəsi axtaran gənclərin bir hissəsi xarici ölkələrə üz tutur. Bu insanların bir çoxu uzun müddət və ya daimi olaraq xaricdə yaşayır. Ən fəal əmək qabiliyyətli əhalinin ölkədən getməsi isə həm əmək bazarına, həm də gələcək doğum göstəricilərinə mənfi təsir edir.
Boşanmaların sayının artması da demoqrafik vəziyyətə təsir göstərən amillərdəndir. Ailə institutunun zəifləməsi uşaqların sayına və ailələrin sabitliyinə təsir edir. Bu problemlərin vaxtında və kompleks şəkildə həlli ölkənin sosial rifahının, iqtisadi inkişafının və milli təhlükəsizliyinin qorunması baxımından böyük əhəmiyyət kəsb edir. Demoqrafik siyasətin gücləndirilməsi gələcək nəsillərin rifahı və ölkənin davamlı inkişafı üçün vacib şərtlərdən biridir.
Samirə SƏFƏROVA