Dünya Kubokunun 1/16 final mərhələsində Bosniya və Herseqovina ilə oyunda qırmızı vərəqə alan ABŞ milli futbol komandasının hücumçusu Folarin Balogunun cəzasını ləğv edilməsi və onun Belçika ilə 1/8 final matçında oyuna buraxılacağı xəbərləri qalmaqala səsbəb olub.
FIFA İntizam Komitəsi bildirib ki, FIFA İntizam Qaydalarının 27-ci maddəsinə uyğun olaraq, oyun qadağası bir il müddətinə dayandırılıb: “Əgər Folarin Balogun bu müddət ərzində oxşar xarakterli və ciddi qayda pozuntularına yol verərsə, cəzanın ertələnməsi ləğv ediləcək və yeni pozuntulara görə əlavə sanksiyalarla cəza tətbiq olunacaq".
ABŞ prezidenti Donald Tramp isə “Truth Social” hesabında “doğru iş gördüyü və böyük ədalətsizliyi aradan qaldırdığı üçün FİFA-ya təşəkkür edirəm” sözlərini paylaşıb.
Tramp da Folarin Baloguna verilən qırmızı vərəqə ilə bağlı da danışıb. Vəziyyəti qiymətləndirən Tramp futbolu və idmanı çox yaxşı bildiyini iddia edib: "Oyunu izlədim. Bu, qayda pozuntusu deyildi. Bu, iki böyük idmançının bir araya gəlməsi idi. Bu hakim, keçmişinə baxsanız, bir az şübhəlidir. Heç kimin inana bilməyəcəyi bir qərar verdi. O, bizim ən yaxşı oyunçumuz və ya ən yaxşı oyunçularımızdan biridir. Və ona qırmızı vərəqə verdi.
Bunun nə demək olduğunu bilmirdim, amma sonra eşitdim ki, bu, onun növbəti matçda oynaya bilməyəcəyi deməkdir. Bu, inanılmaz dərəcədə ədalətsizdir. Onu hələ baş tutmamış oyuna görə necə cəzalandırmaq olar? Mən FIFA-dan qərarı yenidən nəzərdən keçirməsini xahiş etdim", - deyə o bildirib .
Tahir TAĞIYEV