Məlum olduğu kimi, ötən ay Azərbaycan Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündəki (MHŞT) fəaliyyətini tam dayandırıb və ona qarşı qərəzli münasibətin nəticəsi olaraq təşkilatın sıralarını tərk edib. Elə bundan sonra bəzi dairələr tərəfindən iddialar səslənməyə başladı ki, Azərbaycan həyata keçirdiyi mühüm enerji layihələrinə artıq beynəlxalq təşkilatlardan kredit ala bilməyəcək.
Hətta müəyyən dairələr bildirirdi ki, belə vəziyyətdə Azərbaycan üçün "Cənub Qaz Dəhlizi" kimi böyük layihəni həyata keçirmək çətin olacaq. Amma proseslərin real gedişi Azərbaycana qarşı qərəzli mövqedə olanların iddialarının artıq qətiyyən özünü doğrultmadığını göstərir. Məsələn, "Cənub Qaz Dəhlizi"nin əsas qollarından sayılan TANAP layihəsinin tikintisi üçün Azərbaycan MHŞT-nin sıralarını tərk etdikdən sonra yeni böyük həcmdə kreditlər alıb. Özü də dünyanın ən böyük maliyyə qurumlarından. Belə ki, Azərbaycan dövlətinin zəmanətilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (İBRD) tərəfindən "Cənub Qaz Dəhlizi" QSC-yə ayrılmış kredit xətti üzrə cari ilin 30 mart tarixində 146,3 milyon ABŞ dolları məbləğində, habelə Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) tərəfindən ayrılmış kredit xətti üzrə cari ilin 5 aprel tarixində 219,5 milyon ABŞ dolları məbləğində ikinci maliyyə tranşı baş tutub. Hər iki beynəlxalq maliyyə institutundan müvafiq olaraq 108,4 və 162,6 milyon ABŞ dolları məbləğində ilk maliyyə tranşı cari ilin fevral ayında ayrılıb.
Xatırladaq ki, Dünya Bankının Direktorlar Şurasının 2016-cı il 20 dekabr tarixli qərarına əsasən, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən kredit ayrılmasına dair imzalanmış müqaviləyə uyğun olaraq, TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanətilə "Cənub Qaz Dəhlizi" QSC-yə 30 il müddətinə 400 milyon ABŞ dolları məbləğində kredit xətti ayrılıb. Bununla yanaşı, Asiya İnfrastruktur İnvestisiya Bankının Direktorlar Şurasının 2016-cı il 21 dekabr tarixli qərarına əsasən kredit ayrılmasına dair imzalanmış müqaviləyə uyğun olaraq, TANAP-ın tikintisi üçün yenə Azərbaycan dövlətinin zəmanətilə "Cənub Qaz Dəhlizi" QSC-yə 30 il müddətinə 600 milyon ABŞ dolları məbləğində kredit xətti ayrılıb. Borcalan qismində çıxış edən "Cənub Qaz Dəhlizi" QSC-nin səhmlərinin 100%-i birbaşa Azərbaycan dövlətinə məxsusdur.
Bütün bunlar onun göstəricisidir ki, beynəlxalq miqyasda Azərbaycana etimad kifayət qədər böyükdür və ölkəmizin böyük layihələrin icrası üçün kredit cəlb etməsində hansısa problem yoxdur. Halbuki, ölkəmiz MHŞT-ni tərk edəndə bu qurumun bəzi təmsilçiləri Azərbaycan üçün böyük problemlərin olacağını iddia edirdi. Amma reallıq tam fərqli mənzərə yaradır. Xatırladaq ki, Azərbaycan MHŞT-ni cari ilin 8-9 mart tarixlərində qurumun Kolumbiyanın paytaxtı Boqota şəhərində baş tutan Beynəlxalq İdarə Heyətinin 36-cı iclasından sonra tərk edib. İclas zamanı bir sıra məsələlər müzakirə olunub, o cümlədən 4 ölkənin - Tacikistan, Qırğızıstan, Solomon adaları və Azərbaycanın MHŞT-dəki üzvlüyünün dayandırılması barədə qərar qəbul edilib. O vaxta qədər isə Azərbaycanın qurumda fəaliyyəti kifayət qədər yüksək qiymətləndirilirdi. Hətta MHŞT üzrə beynəlxalq İdarə Heyəti ötən il ölkəmizin MHŞT standartının tətbiqi istiqamətində mühüm irəliləyişlər əldə etdiyini bildirirdi. Eyni zamanda elə ötən il Beynəlxalq İdarə Heyəti növbəti toplantıya qədər ölkəmizə bir neçə istiqamətdə yerinə yetiriləcək İslahedici tədbirlər Planını təqdim edib. Maraqlıdır ki, bu planlarda nəzərdə tutulanların böyük əksəriyyətinin yerinə yetirilməsinə baxmayaraq, bilinməyən səbəblər üzündən qurum bunu məqbul saymadı. İdarə Heyəti cari ilin martınnda qərəzli şəkildə Azərbaycanın MHŞT-də fəaliyyətini dayandırmaqla bağlı qərar qəbul etdi. Buna etiraz əlaməti olaraq Azərbaycanın MHŞT-ni rəsmi şəkildə tərk etdiyini bəyan etdi. İndiki reallıq göstərir ki, Azərbaycanın qurumun sıralarını tərk etməsi hansısa problem yaratmayıb, əksinə, MHŞT-nin qərəzli mövqedə olmasını Azərbaycana ayrılan yeni çoxmilyonlu kreditlər aydın şəkildə nümayiş etdirir. Məhz belə bir vaxtda Prezident İlham Əliyev hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Burada qeyd olunur ki, ölkəmizdə şəffaflığın və hesabatlılığın möhkəmləndirilməsi, bütövlükdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən davamlı strategiya çərçivəsində beynəlxalq aləmdə ümumən qəbul edilən prinsiplərə və ixtisaslaşmış beynəlxalq təşkilatlarla sıx əməkdaşlığa böyük önəm verilir. Bu fərman Azərbaycanda hasilat sənayesində şəffaflığın ən yüksək səviyyədə təşviqini gücləndirəcək. Fərmanda qeyd olunur ki, təbii ehtiyatlardan əldə edilən maddi sərvətlərin ölkə vətəndaşlarının rifahı üçün idarə edilməsinin davam etdirilməsi məqsədilə Azərbaycanda hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqi beynəlxalq prinsiplər əsasında davam etdiriləcək. Bütün bunlar isə öz növbəsində beynəlxalq investorların Azərbaycana sərmayə axınının davam edəcəyini göstərir.
Tahir TAĞIYEV