"Neftin qiyməti yenidən 80-90 dollara qədər yüksəlsə, o zaman manatın möhkəmlənməsi və ona olan inam yenidən baş verə bilər"
"Azərbaycan manatına inam mütləq şəkildə bərpa olunmalıdır". Bunu "Fitch" beynəlxalq reytinq agentliyinin suveren ölkələr üzrə departamentinin baş direktoru Paul Qambl media nümayəndələrinə açıqlamasında deyib.
Onun sözlərinə görə, 2016-cı ildə neft qiymətlərinin tədricən artmasına baxmayaraq, manatın məzənnəsi zəifləyib. "Bizim manatın taleyi ilə bağlı qeyri-müəyyənliyimiz davam etməkdədir. Bu da manata olan inamı bir az da azaldır. Buna görə də hazırda manata inamın bərpa olunması əsas məsələdir".
Azərbaycan manatına inamın necə bərpa olunmasını öyrənmək məqsədilə ekspertlərə müraciət etdik.
İqtisadçı ekspert Natiq Cəfərli "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, manata olan inamın bərpa olunmasının bizdən asılı olan və olmayan tərəfləri var: "Bizdən asılı olmayan tərəfi odur ki, neftin qiyməti yenidən 80-90 dollara qədər yüksəlsə, o zaman manatın möhkəmlənməsi və ona olan inam yenidən baş verə bilər. Belə olan halda ölkənin valyuta gəlirləri kifayət qədər artacaq. Bu bizdən asılı olmayan tərəfdir.
Bizdən asılı olan isə ölkədə investisiya mühiti o qədər yaxşı olmalıdır ki, xarici investorlar üçün cəlbedici olsun. Xarici investorların müxtəlif layihələr üzrə vəsait yatırmasına şərait yaratmaq lazımdır. Təbii ki, əcnəbi investorlar yatırım etmək üçün ilk öncə ölkəmizə xarici valyuta ilə gəlir. Daha sonra onlar öz vəsaitlərini manata çevirirlər. Bu da manatın möhkəmlənməsinə və onun nüfüz qazanmasına səbəb olacaq. Bunları etmək üçün ciddi şəkildə çalışmaq lazımdır. Hökumətdən asılı olan bir neçə məsələ var. Azərbaycan beynəlxalq təşkilatlara üzvlüyünü bərpa etməlidir. Ümumdünya Ticarət Təşkilatına üzv olmaq lazımdır ki, xarici investorlar Azərbaycana yatırım etsin. Həmçinin, ölkənin vergi və gömrük siyasəti dəyişdirilməlidir ki, iqtisadi aktivlik artsın".
Həmsöhbətimiz sonda onu vurğuladı ki, Azərbaycan manatına olan inamın bərpası üçün uzun zaman tələb olunur.
Günel CƏLİLOVA