Günel Fərhadqızı: "ABŞ-ın açıqladığı rəqəmlə OPEC-lə əldə olunan razılaşma əsasında..."
Amerika Birləşmiş Ştatları (ABŞ) Energetika Nazirliyi Azərbaycanda 2017-ci il üçün neft hasilatı ilə bağlı proqnozu hər sutka üçün 0,01 barrel həcmində artırıb.
ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyası İdarəsinin proqnozlarına əsasən, 2017-ci ildə gündəlik hasilat 0,80 milyon barrel, 2018-ci ildə isə 0,77 milyon barrel təşkil edəcək. Qurumun açıqladığı rəqəmlərdən görünür ki, 2017-ci ilin birinci və ikinci kvartallarında hasilat 0.81 milyon barrel, üçüncüdə 0,79, dördüncüdə isə 0.77 milyon təşkil edəcək.
Məlum olduğu kimi, Azərbaycanın əsas neft ixracatçısı olan ölkələrin təmsil olunduğu OPEC təşkilatı ilə də razılaşması var. Həmin razılaşmaya əsasən, Azərbaycan gündəlik neft hasilatını aşağı salıb. ABŞ-dan verilən qərar bu məsələdə ziddiyyətli məqamların ortaya çıxmasına səbəb ola bilərmi?
İqtisadçı Günel Fərhadqızının sözlərinə görə, bazarda neft hasilatının azaldılması sözünün özü belə qiymətlərə müsbət təsir etmək imkanına malikdir: "Azərbaycanla OPEC-in əldə etdiyi razılaşmanın fonunda da bu amil durub. Bu qaydanı bir sıra neft ixrac edən ölkələr qəbul edib. OPEC-in özü ötən il Azərbaycanla bağlı proqnozlarını açıqlayanda 2017-ci ildə gündəlik hasilatın 30 min barrel azalacağını qeyd edib.
Bir müddət sonra OPEC toplantısının, bu qurumdan kənar ölkələrin qəbul etdiyi qərarların neft bazarına ciddi təsir etmədiyi mənzərəsi yarandı. Getdikcə bu psixoloji effekt azalır, bazar öz fundamental dəyərlərinə qayıdır. Açıq demək lazımdır ki, hazırda neft bazarında qiymətlərə və hasilata əsas təsir edən ölkə, söz sahibi Amerikadır. ABŞ-da isə son vaxtlar hasilatın yenidən artdığını müşahidə edirik. Həftəlik 40-50 min barrel əlavə neft hasil etməyə başlayıb. Bütün bu göstəriciləri nəzərə alsaq, bu il üçün verilən proqnozların özünü doğrultduğunu görürük. ABŞ-ın açıqladığı rəqəmlə OPEC-lə əldə olunan razılaşma əsasında elə də böyük fərq olmadığı üçün, bu, hansısa problemə səbəb olmayacaq".
Məhəmmədəli QƏRİBLİ