Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələr neft hasilatının azaldılmasını nəzərdə tutan sazişin müddətini uzatmasa “qara qızıl”ın bir barrelinin qiyməti 40 dollara düşəcək.
Baki-xeber.com xəbər verir ki, bunu ABŞ-ın aparıcı şist nefti istehsalçılarından biri olan “Pioneer Natural Resources Co.”nun icraçı direktoru Skot Şefield deyib. O bildirib ki, ABŞ-da şist nefti istehsalçılarının diqqəti OPEC və qeyri-OPEC ölkələrinin bu ilin iyun ayında müddəti başa çatacaq neft hasilatının gündəlik 1,8 milyon barrel azaldılması sazişinə yönəlib: “Əgər OPEC bu müqavilənin müddətini uzatmasa neftin qiyməti 40 dollar/barrel səviyyəsinə geriləyəcək. Bu da ABŞ-da şist nefti hasilatı üzrə gələcək investisiyalara əhəmiyyətli təsir göstərəcək”.
Qərbi Texas və Nyu-Mexikodakı “Permian” bölgəsinin son 2,5 ildə neft quyularının ən çox qazıldığı yer olduğunu deyən S.Şefield bildirib ki, neftin qiyməti 40 dollar/barrelə düşərsə bu, regiondakı qazma quyularına mənfi təsir göstərəcək və digər bölgələrdəki şist nefti axtarışının da iqtisadi səmərəsi olmayacaq: “Lakin hər şey qaydasında gedərsə, bu regionda hasilat indiki - gündəlik 2,3 milyon barrel səviyyəsindən 8-10 milyon barrelə yüksələcək.”