Kənd yarmarkalarında qiymət bazar qiymətlərinə çatır və ötür...(?)

Eyyub Hüseynov: “Kənd təsərrüfatı yarmarkaları qiymətləri aşağı salmaq üçün nəzərdə tutulub, amma nədənsə, bu baş vermir”

img

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunur. Yarmarkaların təşkilində əsas məqsəd fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, həmçinin şəhər sakinlərini yerli, təbii və mövsümi kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir. Yarmarkalarda məhsullar birbaşa fermerlər tərəfindən satışa çıxarılır.

Qeyd etdiyimiz kimi, yarmarkanın keçirilməsində əsas məqsəd  təklif olunan məhsulların satış qiymətinin paytaxt bazarından ucuz olmasıdır. Ancaq həmin yarmakaya üz tutan alıcılar bunun əksi ilə üzləşir. Alıcılar bildirir ki, yarmarkada təklif olunan meyvə-tərəvəz və digər məhsulların satış qiyməti bazar və marketlərlə eyni səviyyədədir. Paytaxt bazarı ilə heç bir fərq yoxdur.

Ekspertlər bildirir ki, yarmarkaları alverçilər zəbt edib, kəndlilər və kiçik fermerlər ora buraxılmır. Bu səbəbdən də yarmarkada təklif olunan məhsulların qiyməti bahadır.

  • “Rayonlardan kənd təsərrüfatı istehsalçıları öz məhsullarını ora gətirirlər, lakin qiymətlər, bir qayda olaraq, orta bazar qiymətləri ilə eynidir”

Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov bildirdi ki, rayonlardan kənd təsərrüfatı istehsalçıları öz məhsullarını ora gətirirlər, lakin qiymətlər, bir qayda olaraq, orta bazar qiymətləri ilə eynidir. Adi bazarlardan mal almaq daha sərfəlidir, çünki orada daha ucuz olur: “Amma nəzəri cəhətdən kənd təsərrüfatı yarmarkaları təkcə yerli kənd təsərrüfatı məhsullarının satışını təmin etmək üçün deyil, həm də qiymətləri aşağı salmaq üçün nəzərdə tutulub. Amma nədənsə bu, baş vermir. Bütün dünyada keçirilən yarmarkalar regionlarda istehsal olunan məhsul və malları tez bir zamanda ticarətə cəlb etməyə imkan verir. Beləliklə, birincisi, yerli istehsalın artımına təkan verir, ikincisi, istehlakçılar mütəmadi olaraq uyğun qiymətə təzə təbii məhsullar ala bilirlər. Bir sözlə, qiymətlər aşağı düşür, təklif artır”.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər