Yumurta işbazları yenə baş qaldırıblar… 40-45 qəpik...

img

Azərbaycanda yumurtanın qiymətində yenidən artım qeydə alınıb. Belə ki, qiymət artımı əsasən kənd yumurtasında qeydə alınıb. Bəzi marketlərdə yumurtanın qiyməti 40 – 45 qəpik olub.

Mağazalarda ağ yumurtanın qiyməti 13-16 qəpik, kənd yumurtasının isə 35-45 qəpik arasında dəyişir. Hətta bəzi mağazalarda sarı broyler yumurtaların satışı dayandırılıb. Iddia olunur ki, yaxın müddət ərzində yumurtanın qiyməti daha da artacaq. Bu səbəbdən də dükan və marketlərdə yumurtanın satışında qıtlıq yaşanır.  Dövlət Statistika Komitəsinin məlumatına  görə, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında ölkədə yumurta istehsalı 4,0 faiz artaraq 1 milyard 165,1 milyon ədəd olub.

Onu da bildirək ki, Prezident İlham Əliyevin fərmanı ilə bu il iyulun 1-də idxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı təsdiqlənib.

Ekspertlər bildirir ki, Azərbaycanda yumurtanın bahalaşmasının əsas səbəbi yemin qiymətinin qalxması və tələbatın artmasıdır. Yumurtanın satış qiymətinin artması gözlənilirdi.

  • Mürvət Həsənli: “Kənd yumurtasının qiymətinin artması tələbatla bağlıdır”

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli bildirdi ki, kənd yumurtasının qiymətinin artması tələbatla bağlıdır: “Məlumat üçün deyim ki, hazırda toyuqların kürt yatma dövrüdür. Bu səbəbdən kənd yumurtasının sayı azaldığına görə market və bazarlarda qiyməti artıb".

  • Natiq Cəfərli: “Xərclər artır, ərzaq məhsullarının qiyməti qalxırsa, kənd yumurtası istehsalçıları bazara çıxardıqları məhsulun dəyərini yüksəldə bilərlər”

İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanda qiymət  artımının surətlənməsi rəsmi rəqəmlərlə də təsdiqlənib: “Ərzaq məhsullarının, o cümlədən yumurtanın qiymətinin bahalaşması təəccüb doğurmur. Hər şey bahalaşırsa, yumurta istehsalçıları da qiyməti artırmaq məcburiyyətindədir".

N.Cəfərlinin sözlərinə görə, xaricdən gətirilən yem, dərman preparatları, vaksinlərin qiymətinin yüksəlməsi maya dəyərinə  təsirsiz ötüşmür: "Kənd yumurtasının da qiymətinin qalxması təbiidir. Əhali qiymətlərin artdığını görür. Qınamaq da olmur. Onların bazara çıxardığı yumurtalar bahalaşmamalıdı deyə bir qayda yoxdur. Xərclər artır, ərzaq məhsullarının qiyməti qalxırsa, kənd yumurtası istehsalçıları bazara çıxardıqları məhsulun dəyərini yüksəldə bilərlər".

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər