Azərbaycanda xarici valyutada verilən kreditlərin xüsusi çəkisi 22 %-ə - tarixi minimuma düşüb. Bunu Milli Məclisin plenar iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, kreditlərə paralel olaraq depozitlərdə də dedollarlaşma prosesi davam edir: “Xarici valyutanın payı fiziki şəxslərin depozitlərində 38,6 %-ə, hüquqi şəxslərin depozitlərdə isə 52 %-ə düşüb. Aradakı fərq neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərlə bağlıdır".
Maraqlıdır, xarici valyuta ilə həyata keçirilən əməliyyatların həcminin azalmasının səbəbi nə ilə bağlıdır?
“Xarici valyuta ilə kredit götürülməsinin azalmasının əsas səbəbi manatla verilən kreditin faiz dərəcəsinin aşağı olmasıdır”
Iqtisadçı Xalid Kərimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, xarici valyuta ilə kredit götürülməsinin azalmasının əsas səbəbi manatla verilən kreditin faiz dərəcəsinin aşağı olmasıdır: “Əvvəllər şirkətlər tez-tez kredit götürməyə üstünlük verirdi. Söhbət milyonlarla kredit götürən şirkətlərdən gedir. İllər öncə bu cür kreditlər 17-18 faizlə götürülürdü, ancaq indi 10-11 faiz verilir. Onu da deyim ki, əvvəllər dollarla götürülən kreditlə manat arasında fərq çox idi. Ancaq indi fərq azalıb”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, dövriyyədə olan manatın çox olması, milli valyutaya olan inamı artırıb. Fiziki şəxslər manatla pul saxlamağa meylidir. Bu da milli valyuta ilə verilən kredit faizlərinin aşağı salınmasına səbəb olub.
Iqtisadçının sözlərinə görə, manatın məzənnəsinin sabit qalması milli valyutaya olan inamın artmasına səbəb olub. Son illər bir çox valyutaların məzənnəsində dəyişiklik baş verir: “Ancaq manat məzənnəsi sabit qaldığı üçün əhali dollar deyil, milli valyutaya üstünlük verir. Digər tərəfdən manatla qoyulan depozitlər ona görə çoxdur ki, oradan daha çox faiz gəliri var. Manatla əmanətlərin artması Mərkəzi Bankın pul-kredit siyasətinin effektivliyinin artmasına imkan yaradır. Manatla əmanətlərin artması həm ölkə iqtisadiyyatı, həm də bank sistemi üçün əhəmiyyətlidir”.
Günel CƏLİLOVA