Bu ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən 113,4 faiz təşkil edib.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, hesabat dövründə, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi 119,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 107,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2 faiz təşkil edib.
Qeyd etdiyimiz kimi, rəsmi qurumlar iflyasiyanın 14 faiz, müstəqil ekspertlər isə 25 faiz olduğunu bildirirlər. Ölkədə qeydə alınan bahalaşma isə sürətlə davam edir.
Maraqlıdır, inflyasiya ilə bağlı önümüzdəki aylarda vəziyyət necə olacaq?
“Ölkənin daxilindəki problemlərlə əlaqədar qiymət artımının sürəti kifayət qədər narahatedici səviyyəyə çatıb”
İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanda qiymətlərin tənzimlənməsi formal olaraq bazar qaydalarına uyğundur, amma dolayı təsiretmə mexanizmləri tətbiq olunsa, bahalaşmanın qarşısını almaq mümkün olar: "Azərbaycanda inflyasiya son iki ildə sürətlə artır, son aylarda isə artım hiss ediləcək qədər sürətlənib. Bu, dünyada baş verən proseslərlə də əlaqəlidir. Yəni dünyada da ərzaq qiymətlərində ciddi artımlar var. Bununla yanaşı, ölkənin daxilindəki problemlərlə əlaqədar qiymət artımının sürəti kifayət qədər narahatedici səviyyəyə çatıb. Məlumdur ki, rəsmi inflyasiya Azərbaycanda ikirəqəmlidir, 14 faizə yaxınlaşıb. Ərzaq inflyasiyası isə 21 faizə yaxınlaşıb. Bu, son illərin ən yüksək göstəricisidir. Buna səbəb dünyada gedən proseslərin təsir etməsidir. Azərbaycan cəmi 25 faiz özü-özünü ərzaq məhsulları ilə təmin edə bilir. Yerdə qalan idxal məhsullarıdır və bu məhsulların qiymətinin xarici ölkələrdə artması Azərbaycan daxilində də qiymətlərin artmasına səbəb olur. Dərman preparatlarında isə biz 96 faiz xaricdən asılıyıq. Bu rəqəm az qala 100 faizə yaxındır. Yəni biz xaricdən bir çox məhsulların idxal olunmasından asılı olduğumuza görə xaricdə qiymət artımı baş verərkən kifayət qədər Azərbaycana da təsir göstərir”.
Ekspert hesab edir ki, yaranmış vəziyyətin qarşısını almaq üçün müəyyən işlər görmək olar: “Belə ki, vergi və gömrük rüsumlarını azaltmaqla qiymət artımının qarşısını almaq olar. Azərbaycan hökumətinə həm ərzaq məhsullarında, həm də dərman preparatlarında ƏDV-nin və gömrük rüsumlarının aşağı salınması ilə bağlı təkliflər vermişik. Bunlar qiymətlərin bugünkü vəziyyətinə təsir göstərən amillərdəndir. Əgər Azərbaycanda ərzaq məhsullarının əlavə dəyər vergisi 18 faizdən 2 faizə salınsa, dərman preparatlarında da eyni addımlar atılsa, bu elə dövlətin əlində olan alətlərdən effektiv idarəetmə üsullarından birinə çevrilə bilər. Hökumət buna birbaşa müdaxilə edə bilməz. Azərbaycanda qiymətlərin tənzimlənməsi formal olaraq bazar qaydalarına uyğundur, amma dolayı təsiretmə mexanizmləri var ki, bunların ən effektivi məhz elə gömrük rüsumları və vergi dərəcələridir".
Günel CƏLİLOVA