Azərbaycanın daşınmaz əmlak bazarına əcnəbilərin marağı artır. Ötən il və bu ilin ilk altı ayında Azərbaycanda daşınmaz əmlak əldə etmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı açıqlanıb. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumatda qeyd edilir ki, ümumilikdə 40 fərqli ölkədən olan xarici vətəndaşlar Azərbaycandan daşınmaz əmlak alıblar.
Məlumat üçün bildirək ki, Azərbaycandan ən çox mənzil alan ilk üçlükdə isə Rusiya, Gürcüstan və Türkiyə vətəndaşlarıdır.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra ölkəmizə Rusiya və Ukraynadan gələn şəxslərin sayında gözlə görüləcək qədər artım oldu. Lakin bu say Rusiyada səfərbərlik elan olunandan sonra daha da çoxalıb. Bu gün təkcə əcnəbilər deyil, rusların özləri də Rusiyanı tərk edib Azərbaycana və digər ölkələrə üz tuturlar. Bu isə özlüyündə kirayə və daşınmaz əmlak bazarında qiymət dəyişikliklərinə səbəb olur.
“Azərbaycanda ev alan əcnəbilər əsasən Azərbaycan vətəndaşlığına keçmək istəyənlərdir”
Azərbaycanda daşınmaz əmlak almış xaricilərin sayının artması barədə fikir bildirən daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli bizimlə söhbətində qeyd etdi ki, son zamanlar Rusiya, Ukrayna və Gürcüsandan gələn şəxslər ölkəmizdə ev almağa maraq göstərir: “Bəllidir ki, ruslar üçün Azərbaycan daha önəmlidir, ölkəmizdə, xüsusilə Bakıda çox sayda rusdilli məktəb var. Paytaxt sakinlərinin əksəriyyəti rus dilini bilir. Yəni buraya gələnlər özlərini daha rahat hiss edərdilər. Lakin müharibədən sonra Rusiya və Ukraynadan Azərbaycana az sayda insan gəldi. Gələnlər yalnız Ukraynada və Rusiyada yaşayan azərbaycanlılar oldular. Rusiyada yaşayan həmvətənlərimiz isə onsuz da yatırımların böyük hissəsini Azərbaycanın daşınmaz əmlak sektoruna edirdilər. Səfərbərlikdən sonra Rusiyadan Azərbaycana müəyyən sayda insan gəlir, lakin onların da əksəriyyəti azərbaycanlılardır. Yəni onların burada ya öz evləri, ya da qohumlarının evləri var. Həmçinin, Rusiyada yaşayan azərbaycanlılar, yəni soydaşlarımız orada qazandıqları pulların böyük əksəriyyətini burada, xüsusən də Bakı şəhərində və Azərbaycanın digər bölgələrində daşınmaz əmlaka yatırırdılar”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycanda ev alan əcnəbilər əsasən Azərbaycan vətəndaşlığına keçmək istəyənlərdir.
Günel CƏLİLOVA