Dünyada ərzaq məhsullarının 6 aydır ucuzlaşdığı deyilir. Bu məlumat BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatında qeyd olunub. Xarici ölkələrdə olan bu tendensiya Azərbaycandan yan keçib. Marketlərdə qiymətlər enmir, hətta günbəgün artır. Bəzi məhsullar da var ki, onların xaricdəki və ölkədəki qiymətləri arasında xeyli fərq var. Azərbaycana Yeni Zellandiyadan gətirilən kərə yağının pərakəndə satış qiyməti idxal qiymətini 2 dəfəyə yaxın üstələyir. Həmin yağlar Yeni Zellandiyada 10 manata olduğu halda, bizdə təxminən 20 manata təklif edilir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin 7 ayında Yeni Zellandiyadan Azərbaycana 28 milyon 864 min dollar dəyərində 4 min 567 ton kərə yağı idxal edilib. Nəticədə Yeni Zellandiyadan gətirilən 1 kiloqram kərə yağının idxal qiyməti 6,31 dollar və ya məzənnəyə uyğun olaraq 10,74 manat təşkil edib. Qeyd edək ki, sözügedən yağların 1 kiloqramının qiyməti Azərbaycan bazarlarında 20 manata yaxındır.
Maraqlıdır, Azərbaycana Yeni Zellandiyadan gətirilən kərə yağları niyə baha satılır?
“Noyabr-dekabr aylarında həm kərə yağında, həm də digər ərzaq məhsullarında növbəti bahalaşma qeydə alınacaq”
İqtisadçı Natiq Cəfərli bildirdi ki, qonşu ölkələrdə həmin kərə yağının satış qiymətlərinə baxanda Azərbaycandakı qiymətlərdən kifayət qədər fərqlənir: “Qiymət artımına səbəb odur ki, Azərbaycanda bu sahə ilə məşğul olanların sayı azdır, rəqabətli mühit yoxdur. Yəni xaricdən Azərbaycana kərə yağı gətirənlərin sayı nə qədər çox olsa, rəqabətli mühit qiymətlərin tənzimlənməsində, aşağı düşməsində daha önəmli rol oynaya bilər. İndiki şəraitdə qiymətlərin bu qədər fərq yaratması, ümumiyyətlə, ölkədə kərə yağının baha olmasının səbəblərindən biri də rəqabətsizlikdir”.
Iqtisadçı hesab edir ki, noyabr-dekabr aylarında həm kərə yağında, həm də digər ərzaq məhsullarında növbəti bahalaşma qeydə alınacaq: "Bu, dünyada ümumi ərzaq məhsulları ilə bağlı vəziyyətlə əlaqəlidir. Eyni zamanda Azərbaycanda mövsümi amillər də var. Həmişə Yeni il bayramı ərəfəsində ərzaq məhsullarının, o cümlədən kərə yağının qiymətində tələbatın artması ilə bağlı bahalaşmanın şahidi oluruq. Yəqin bu il də eyni tendensiyanı müşahidə edəcəyik".
Günel CƏLİLOVA