Azərbaycanda 4,7 milyon hektar kənd təsərrüfatı təyinatlı torpaq ehtiyatı mövcuddur. Onun 1,9 milyon hektarı əkin təyinatlı torpaqlardır. Bunu kənd təsərrüfatı nazirliyinin torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev media nümayəndələrinə açıqlamasında bildirib.
O, həmçinin qeyd edib ki, əkin üçün ayrılan torpaqların böyük əksəriyyəti aktiv istifadə olunur: “Təyinatı üzrə istifadə olunmayan torpaqlardan alınan vergi artırılacaq”.
Beləliklə, torpaqdan təyinatı üzrə istifadə etməyənlər 200 manat vergi ödəyəcəklər. Torpaqdan təyinatı üzrə istifadə edənlər isə, hazırda olduğu kimi, hər hektara 6 manat vergi ödəyəcəklər. Torpaqlarla bağlı aidiyyəti qurumların bazasında olan məlumatlar inteqrasiya ediləcək.
“Təyinatı üzrə torpaqların düzgün istifadə edilməməsi ilə bağlı məsələdə qaranlıq var, belə ki, özəl torpaq sahələri…”
Təyinatı üzrə torpağı istifadə edilməyənlərin cəzalandırılması ilə bağlı fikir bildirən iqtisadçı Kamran Məmmədli qeyd etdi ki, istifadə edilməyən torpaqlardan yüksək vergi tutmaq təklifi ona hesablanıb ki, insanlarda stimul yaransın, vergi ödəməkdən çəkinsin, öz torpaqlarından istifadə etsinlər: “Əkilməyən torpaqlar çoxdur. Torpaq əkilmək üçündür, boş qalması düzgün deyil. Hazırda monitorinqlər zamanı, peyk vasitəsilə torpaqların əkilib-əkilmədiyi bilinir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, təyinatı üzrə torpaqların düzgün istifadə edilməməsi ilə bağlı məsələdə qaranlıq var: “Belə ki, özəl torpaq sahələri var. Torpaq istifadəçisi pambıq əkmək üçün onu uzunmüddətli icarəyə götürüb, ancaq sərf etməyib başqa məhsul əkib. Bu onun günahı, yaxud hansısa formada qayda pozuntusu deyil. Ümumiyyətlə, bu mübahisəli məsələdir”.
Ekspert hesab edir ki, yararlı torpaqların əkilməsi, yararsız torpaqların isə yararlı vəziyyətə gətirilməsi işləri aparılmalıdır. Qarşıdan qlobal quraqlıq və qida qıtlığı gəlir. Bu şəraitdə ölkəni belə ağır vəziyyətdə qoymaq olmaz. Aqrar sektorda çox ciddi islahatlar həyata keçirilməlidir. Güclü aqrar-sənaye zənciri qurulmalıdır. Əks halda yaxın gələcəkdə çox ağır vəziyyətlə qarşılaşa bilərik.
Günel CƏLİLOVA