Kür çayının suyu ildən-ilə azalmaqda davam edir. Çayın səviyyəsinin enməsi səbəbindən də geriyə axım baş verir və Xəzər dənizinin suyu Kür çayına qarışır. Hər gün irəliləməyə davam edən dəniz suyu 40 kilometr məsafəyə qədər geriyə axaraq Kürə qarışıb. Bu ekoloji problemdən ən çox əziyyət çəkənlər isə Neftçala və Salyan rayonlarının sakinləridir. Rayon mərkəzlərinin əksər hissələri yeni çəkilmiş xətlər vasitəsilə içməli su ilə təmin edilib. Kəndlərdə də su çənləri qoyulub və bulaqlar çəkilib. Lakin su çatışmazlığı hələ də qalmaqdadır.
Kür çayında suyun azalması Salyan rayonunda nasosların işinə də təsir edib. Su nasosları quruda qaldığından tam gücü ilə işləyə bilmir. Hətta bir neçəsi ümumiyyətlə işləmir.
Ekspertlər bildirir ki, Kür çayında suyun azalması ekoloji probemlərə səbəb ola bilər.
“...iqlim dəyişmələri ilə əlaqədardır”
Ekoloq Flora Hacıyeva bildirdi ki, Kür çayında suyun azalması Azərbaycan üçün çox ciddi problemlər yarada bilər: “Ciddi su qıtlığının yaranacağı şübhəsizdir. Çünki problem təkcə Kür çayı ilə bağlı deyil, bütün çaylarda vəziyyət kritikdir. Azərbaycan su ehtiyatlarının həcminə görə digər ölkələrdən xeyli pis vəziyyətdədir, bu ehtiyatın 70 faizi ölkədən kənarda formalaşır. Qlobal quraqlıq güclənəndə o mənbələrdən su əldə edə bilməyəcəyik. Yaranmış vəziyyətin qarşısı təcili şəkildə alınmalıdır. Çayın suyunun Xəzər dənizinə lazımi səviyyədə tökülməsini təmin etmək vacibdir. Eyni zamanda Xəzərdən çaya suyun getməsinə imkan verməmək önəmlidir”.
Ekspert onu da əlavə etdi ki, Kür çayında son illərdə davamlı olaraq su ehtiyatlarının azalmasının əsas səbəbi regionda baş verən iqlim dəyişmələri ilə əlaqədardır. Belə ki, çayın su ehtiyatlarını formalaşdıran onun su toplama hövzəsində qış mövsümü ərzində kifayət qədər qar örtüyünün toplanmaması nəticə etibarı ilə onun ehtiyatlarının azalmasına gətirib çıxarıb.
Günel CƏLİLOVA