Rusiya-Ukrayna müharibəsi başlayan gündən onlarla ölkənin Rusiyaya tətbiq etdiyi ciddi iqtisadi sanksiyalar bu ölkənin milli valyutasını kəskin ucuzlaşdırıb. Iki ölkə arasında başlayan müharibə qonşu ölkələrə sosial iqtisadi cəhətdən təsir edib. Məlumdur ki, Azərbaycanda tikintidə istifadə edilən ağac məmulatları əsasən Rusiyadan, Murmansk vilayətindən gətirilir.
Məlumatlara görə, Rusiya-Ukrayna müharibəsi başlayandan sözügedən məhsulların ölkəmizə idxalı dayandırılıb. Taxta məshullarının ölkəmizə idxalının dayandırılması adıçəkilən məhsulun qiymətinin bahalaşmasına səbəb olub. Hazırda bazarda taxtanın bir kubunun qiyməti 450-480 manatdır. Əvvəl bu qiymət 300-350 manat arası idi.
Dərnəgüldə fəaliyyət göstərən taxta bazarında işləyən sahibkarlar bildirir ki, hazırda taxta materiallarının qiymətində ciddi artım var: “Müharibə davam etdiyinə görə taxta bazarına material çox az gəlir. Bunlar da əsasən müharibədən əvvəl yüklənmiş materiallardır. Materialın gəlməməsinə hazırkı səbəb vaqonların olmamasıdır. Rusiya vaqonların əksəriyyətinə silah-sursat doldurub Ukrayna sərhədinə göndərib. Bu üzdən boş vaqon yoxdur. Azərbaycana, demək olar ki, taxta gəlmir. Azərbaycanlı sahibkarların Rusiyada milyonlarla vəsaiti yatır. Hansı ki, pullarını ödəyib kombinatlarda mal gözləyirlər. Lakin həmin malların bazarlara göndərilməsi üçün müharibə başa çatmalıdır”.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin bəzi məhsulların və xammalın idxalının qadağan olunacağı dövlətlərin siyahılarının hazırlanması ilə bağlı fərman verdi. Həmin siyahıya Azərbaycan da əlavə olunsa, bazarlardakı vəziyyət necə olacaq?
“Məlum qərar Azərbaycana da şamil olunarsa, o zaman tikinti bazarına çox böyük ziyan dəyəcək, çünki Azərbaycana…”
Iqtisadçı Kamran Məmmədli bildirdi ki, məlum qərar Azərbaycana da şamil olunarsa, o zaman tikinti bazarına çox böyük ziyan dəyəcək. Çünki Azərbaycana yalnız Ukrayna və Rusiyadan taxta gəlirdi. Hər iki istiqamətdə iş dayanıb: “Müharibə başlayandan sonra da taxta gəlib, lakin çox çətinliklə. Həmin mallar müharibədən öncə yüklənənlər idi. Taxta məhsullarının idxalının dayandırılması qısa müddətlikdir. Çox güman ki, qısa müddət ərzində qeydə alınan bu kimi problemlər öz həllini tapacaq. Bu artım mənzillərə də təsir edəcək. Çünki mənzil tikintisində istifadə olunan material xərci artır və yekun dəyərə təsir göstərir. Mənzil qiymətinin artımı qaçılmaz olur. Hazırda sahibkarlar üçün də çox çətin dövrdür. Alıcı qıtlığı var. Eyni zamanda tikintidə maya dəyərinin artımına təsir göstərən amillər həddən artıq çoxdur. Tikinti materiallarında qiymət artımı tikintidə bahalaşmaya səbəb olacaq. Artıq belə meyllər müşahidə olunur”.
Günel CƏLİLOVA