Gələn ildən qulluq stajına görə əlavələr əmək pensiyaçılarının pensiyalarına daxil ediləcək. Bu, Prezident İlham Əliyevin martın 4-də imzaladığı “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamında əksini tapıb.
Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq pensiya məbləğlərinin (qulluq stajına görə əlavələr də nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardım ödəyəcək. Maddi yardım vəfat etmiş hərbi və xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının, məhkəmə hakimlərinin və s. qulluq stajına gorə əlavə almaq hüququ olmuş şəxslərin ailə başçısını itirməyə görə pensiya alan ailə üzvlərinə də şamil edilir. Qulluq stajına görə əlavələr alan pensiyaçılara bu il üzrə pensiyalarının 10 faizi məbləğində maddi yardım verilməsi üçün dövlət büdcəsindən illik 86 milyon manat əlavə vəsait ayrılacaq. Bu maddi yardım müvafiq kateqoriyadan olan 100 min pensiyaçını əhatə edir.
“2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına pensiya məbləğlərinin 10 faizi məbləğində aylıq maddi yardım ödəniləcək”
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Məlahət İbrahimqızı bildirdi ki, Prezident İlham Əliyevin xüsusilə son günlərdə imzaladığı sərəncamlar ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir: “Məlumdur ki, bir neçə gün əvvəl Prezident dövlət qulluqçularının əmək haqlarının artırılması ilə bağlı sərəncam imzalayıb. “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam isə əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsinə həsr edilib. Əminəm ki, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən belə sərəncamlar davamlı olacaq. 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına pensiya məbləğlərinin 10 faizi məbləğində aylıq maddi yardım ödəniləcək. Qulluq stajına görə əlavələr də nəzərə alınacaq. Əlbəttə ki, vətəndaşlar üçün bu sərəcamın əhəmiyyəti böyükdür və ictimaiyyət belə sərəmcamları yüksək dəyərləndirir. Xüsusilə də ötən ilin noyabrından başlayaraq bugünə qədər qəbul edilən sərəncamlar əhalinin, demək olar ki, bütün kəsimini əhatə edib. Həmin sərəncamlarla müxtəlif kateqoriyalardan olan vətəndaşların əmək haqları, təqaüdləri, pensiyaları və digər sosial ödənişlərində artım nəzərdə tutulub. Prezident İlham Əliyev bütün təbəqələrdən olan əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı ciddi addımlar atır. "Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Sərəncam bir daha sübut edir ki, Azərbaycan dövlətinin siyasətinin əsas prioriteti vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasıdır”.
Günel CƏLİLOVA