Hazırda Rusiya və Ukrayna arasında müharibə davam edir. Bəzi ölkələr Rusiyaya Ukraynaya hücumu ilə bağlı sanksiyalar tətbiq edib. Ukraynada aparılan hərbi əməliyyatlarla əlaqədar ölkəmizə indiyədək 700-dən çox azərbaycanlı təxliyə olunub. Ölkəmizə Ukraynadan gələnlərin sayının günü-gündən artmasının əmlak bazarına təsirsiz ötüşməyəcəyi, hətta mənzil bazarında qiymətlərin qalxacağına dair məlumatlar var.
Məlumatlara görə, mənzil və kirayə evlərin qiyməti qalxıb. Maklerlər vəziyyətdən istifadə edib artıq elan saytlarında satış və kirayə mənzillərin qiymətinin artdığını bildirir.
“…tikinti materiallarının çoxu Ukraynadan gəlirdi, xüsusilə metal konstruksiyalar…”
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qeyd etdi ki, mənzil bazarında xaotik vəziyyət yaranıb: “Ukraynada müharibə mənzil bazarına təsir edəcək. Çünki tikinti materiallarının çoxu Azərbaycana Ukraynadan gəlirdi. Xüsusilə metal konstruksiyalar bu ölkədən gətirilirdi. Yollar bağlı olduğundan, tikinti materiallarında qıtlığın olması qaçılmazdır. Bu isə tikinti materiallarının qiymətini bahalaşdıracaq. Lakin Ukraynada müharibə bu ölkədən Azərbaycana axına səbəb olmayacaq”.
Ekspertin sözlərinə görə, hazırda Rusiyada vəziyyət pisə doğru gedir. Tətbiq olunan sanksiyalar həm Rusiyaya, həm də Rusiyada yaşayan azərbaycanlılara, dolayısı ilə Azərbaycana gələn məhsullara da öz təsirini göstərəcək. Əgər proses yubansa, həmin problemlər yenidən təkrarlansa, oradakı azərbaycanlılar əmlaklarını kütləvi satışa çıxarsalar qiymətlərdə enmələr olacaq. Həm də böyük formada eniş olacaq: “Hazırda əmlak bazarında durğunluqdur. Ucuz qiymətə mənzillərin satışa çıxarılması ümumi bazarın dəyərini aşağı salır. Yaxın günlərin gözləntiləri budur. Rusiyadan buradakı qiymətləndiricilərə, əmlak ofislərinə buradakı evlərin qiymətləndirilməsi və satışa çıxarılması ilə bağlı çox zənglər gəlir. Hamı gözləyir ki, müharibə tez bitsin, problem aradan qalxsın. Proses davam eləsə, əmlak bazarımızda qiymətlərin enməsi və ümumi çöküş qaçılmaz olacaq”.
Günel CƏLİLOVA