Rusiya ilə Ukrayna arasında savaş qonşu ölkələrə də təsir edib. Belə ki, bir sıra ölkələrdə, o cümlədən Azərbaycanın daxili bazarında qıtlıq müşahidə edilməyə başlayıb. Bir neçə gündür ki. ölkənin siqaret bazarında bəzi siqaret növlərinin satışı dayandırılıb. Yaxın günlərdə daxili bazarda tütün məhsullarının qiymətlərinin bahalaşacağı da proqnozlaşdırlır.
Qeyd edək ki, cari ilin birinci rübündə Rusiyadan Azərbaycana siqaret idxalı 19 faiz azalsa da, Ukraynadan idxal 1,4 dəfə artıb. Ukraynadan ölkəmizə idxal edilən siqaretin həcmi 6 milyon manatdan çox olub. Hazırda Ukraynada, demək olar ki, istehsal, tədarük və ixracat dayandığından Azərnbaycanın ticarət anbarlarında sıqaret qıtlığı müşahidə edilir.
Maraqlıdır ki, Rusiya Azərbaycanın siqaret bazarında dominantlığını 2019-cu ildən bəri sürətlə itirməyə başlayıb. Ən son statistik məlumatlara görə, Rusiya Azərbaycan siqaret bazarındakı payını 19.4 faiz itirib. Qeyd edək ki, Azərbaycan siqaret bazarı təmamilə idxaldan asılı haldadır. 2021-ci ildə 25 milyon 308 min 84 ABŞ dolları dəyərində siqaret idxal olunub.
“Rusiya ilə Ukrayna arasında yaşanan müharibə bölgəmizdə olan iqtisadi münasibətlərə mənfi təsir edən amildir”
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı ekspert Natiq Cəfərli qeyd etdi ki, Rusiya ilə Ukrayna arasında yaşanan müharibə bölgəmizdə olan iqtisadi münasibətlərə mənfi təsir edən amildir. Əsas problem isə logistika ilə bağlıdır: “Müharibə şəraitində logistik yolların təhlükəsizliyi problemdir. Məlumdur ki, bir çox sərhədlər bağlanıb. Qara dənizdən Ukrayna ərazisinə gəmi daşımaçılığı dayandırılıb. Qara dənizdən Ukraynaya, ordan Avropaya, daha sonra isə Azərbaycana daxil olacaq məhsulların gətirilməsində problemlər yaşanır. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar həmin ölkənin özündə də problem yaradıb”.
İqtisadçının sözlərinə görə, tütün məmulatlarının ölkəyə gətirilməsində müəyyən problemlər yaşanacaq. Bu da qiymət artımına səbəb ola bilər. Bunun uzunmüddətli olmaması üçün isə alternativ yollar axtarılmalıdır.
Günel CƏLİLOVA