Məlum olduğu kimi, fevralın 24-dən etibarən Rusiya ilə Ukrayna arasında silahlı münaqişə başlayıb. Bu səbəbdən Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etdi. Bu fonda rus rublunun məzənnəsi getdikcə aşağı düşməyə, Rusiya iri şirkətlərinin səhmləri ucuzluşmağa başlayıb. Azərbaycandan Rusiyaya işləməyə gedən, öz biznesi olan şəxslər az deyil.
Maraqlıdır, Rusiyaya tətbiq edilən sanksiyalar soydaşlarımızın kütləvi şəkildə Azərbaycana qaytımasına səbəb ola bilərmi?
İqtisadçı Natiq Cəfərli bildirdi ki, 2014-cü ildə Krımın işğalından sonra Rusiyaya qoyulan sanksiyalardan sonra rubl kəskin ucuzlaşdı: “Üç ay ərzində rubl iki dəfədən çox dəyərdən düşdü. O zaman Rusiyadan Azərbaycana pul köçürmələri kəskin azaldı. Bu köçürmələr əsasən Azərbaycan regionlarında əhalinin sosial vəziyyətinə müsbət təsir edən amildir. Sanki Azərbaycanın sosial yükünün bir hissəsini Rusiyadan gələn vəsait ödəyirdi. İndi də rublun məzənnəsinin aşağı düşməsi eyni təsir göstərir. Çünki orada yaşayan soydaşlarımız rublla pul qazanırlar və rubl ucuzlaşdıqca onların qazancları da azalır. Yəni Rusiyadan Azərbaycana vəsait köçürmələri kəskin azalacaq”.
“Onminlərlə vətəndaş orada işini, qazancını, gəlirini itirərkən Azərbaycana üz tutmaq məcburiyyəti yaranacaq”
Iqtisadçı hesab edir ki, proses davam edərsə, azərbaycanlıların Rusiyadan ölkəyə qayıtması prosesi aktuallaşa bilər. Onminlərlə vətəndaş orada işini, qazancını, gəlirini itirərkən Azərbaycana üz tutmaq məcburiyyəti yaranacaq: “Açıq desək, Azərbaycan buna hazır deyil. Çünki ölkəmizdə iş yerləri, biznes mühiti ilə bağlı problemlər var, eyni zamanda yeni iş yerlərinin yaradılması prosesi çox ləng gedir. Azərbaycan hökuməti doğru-dürüst qərarlar alıb, tezliklə bu problemlərin üzərinə getməlidir. Həmçinin orta-kiçik sahibkarlığa dəstək, yeni iş yerlərinin açılması, yeni yatırımların qoyulması ilə bağlı qərarlar almaqla, Rusiyadan gələn soydaşlarımızın problemlərini həll etmək üçün hətta bir masanın qurulmasına artıq ehtiyac var. Nazirlər Kabineti nəzdində bir böhran masası qurulmalı və bu məsələlər operativ həll olunmalıdır. Əgər indi minlərlə vətəndaşımız Azərbaycana gəlirsə, bir müddət sonra bu rəqəm onminlərlə olacaq. Təəssüf ki, biz ölkə olaraq buna hazır deyilik”
Günel CƏLİLOVA