Rusiya-Ukrayna müharibəsi başlayan gündən onlarla ölkənin Rusiyaya tətbiq etdiyi ciddi iqtisadi sanksiyalar bu ölkənin milli valyutasını kəskin ucuzlaşdırıb.
Iki ölkə arasında başlayan müharibə qonşu ölkələrə sosial iqtisadi cəhətdən təsir edib. Məlumdur ki, Azərbaycanda tikintidə istifadə edilən ağac məmulatları əsasən Rusiyadan, Murmansk vilayətindən gətirilir. Məlumatlara görə, Rusiya-Ukrayna müharibəsi başlayandan sözügedən məhsulların ölkəmizə idxalı dayandırılıb. Taxta məshullarının ölkəmizə idxalının dayandırılması adıçəkilən məhsulun qiymətinin bahalaşmasına səbəb olub.
Xatırladaq ki, ötən il iyulun 1-dən etibarən Rusiyada kobud emal olunmuş bir sıra ağac növlərinin ixracına qoyulan rüsumun məbləği 10% artırılmışdı. Həmin artım ilin sonunadək qüvvədə oldu. O səbəbdən sözügedən məhsulların qiymətində ciddi artım müşahidə olundu. Belə ki, kəsilmiş taxtanın bir kubmetrinin qiyməti ötən ilin yanvar ayında 331.17 manata, fevral ayında 336.23 manata, mart ayında 339.79 manata, aprel ayında isə 353.89 manata olub. Aprel ayında ilin əvvəli ilə müqayisədə qiymət 22.72 manat bahalaşdı. Aprel ayında isə qiymət mart ayı ilə müqayisədə 14.10 manat, yaxud 4,15 faiz bahalaşdı.
“Azərbaycan Rusiyadan tək meşə sənayesi məhsulları deyil, eyni zamanda, DSP, MDF, fanerka, ümumiyyətlə, mebel və tikinti sektorunda istifadə olunan materialları alır”
Rusiya ilə Ukrayna arasında başlayan müharibənin Azərbaycanda tikintidə istifadə edilən ağac məmulatlarının qiymətinə necə təsir etməsi barədə fikir bildirən iqtisadçı ekspert Xalid Kərimli qeyd etdi ki, Azərbaycan Rusiyadan tək meşə sənayesi məhsulları deyil, eyni zamanda, DSP, MDF, fanerka, ümumiyyətlə, mebel və tikinti sektorunda istifadə olunan materialları alır: “Etiraf etmək lazımdır ki, Azərbaycanda meşə sənayesi, demək olar ki, yox səviyyəsindədir. Bu səbəbdən də idxalı Rusiya, Ukrayna, Belarus və İran bazarlarından təmin edirik. Rusiya ilə Ukrayna arasında başlanan müharibədə qeydə alınan proseslər sürətlə cərayan edir. Bu hal Rusiya və Rusiya ilə əməkdaşlıq edən şirkətlər üçün də çətindir. Hazırda idxal-ixrac əməliyyatlarının dayandırılması yox, iştirakçıların yeni vəziyyətə adaptasiya olunması problemdir. Taxta məhsullarının idxalının dayandırılması qısa müddətlikdir. Çox güman ki, qısa müddət ərzində qeydə alınan bu kimi problemlər öz həllini tapacaq”.
Günel CƏLİLOVA