Məlum olduğu kimi, “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilib. Dəyişikliklərə əsasən, ayrılan subsidiya daxilində alınan gübrə və biohumusun dəyərinin 30 faizinin fermerlər tərəfindən nağd şəkildə ödənilməsi qaydası ləğv edilib. Bundan sonra fermerlər aldıqları biohumusun və gübrənin tam dəyərini “Fermer kartı”nın nağdlaşdırılmayan hissəsindəki vəsait hesabına ödəyə biləcəklər.
Lakin bütün fermerlər subsidiya mexanizmindən tam şəkildə yararlana bilmir. Saatlıdan olan fermerlər taxıl sahələrinə verilməli olan gübrələri əldə edə bilməməkdən narazılıq edir. Onların dediyinə görə, 10 gün ərzində gübrə verilməzsə əkdikləri taxıl sahəsi məhv olacaq. Saatlının Nabat kənd sakinləri qeyd edirlər ki, sahələrdə taxıl səpini həyata keçirərək normal nəticə əldə ediblər. Hazırda taxıl sahələrinə azot gübrəsinin verilmə vaxtı olsa da, fermerlər əkdikləri torpaq sahələrinin sənədlərinin olmaması səbəbindən gübrə əldə edə bilmirlər.
“Kənd sakinləri ən müxtəlif səbəblərdən, o cümlədən çıxarış almaq üçün rüsumun baha olduğunu iddia edərək ötən illər ərzində bu çıxarışı almayıblar”
Məsələ ilə bağlı KTN-nin şöbə müdürü Vüqar Hüseynov bildirdi ki, fermerlər əkin subsidiyası almaq üçün torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə yükləməlidir. Nabat kənd sakinlərinin torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədləri yoxdur. Onlarda yalnız plan ölçü sənədləri var ki, bu da qanunvericiliyə əsasən torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənəd hesab olunmur. Əllərində yalnız plan ölçü sənədləri olan fermerlər bu sənədləri aqrar islahat komissiyasının qərarı ilə birlikdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edərək mülkiyyət hüququnu təsdiqləyən çıxarış almalıdır. Yalnız bu çıxarışı sistemə daxil etdikdən sonra fermerlər subsidiya almaq hüququ qazanacaqlar. Kənd sakinləri ən müxtəlif səbəblərdən, o cümlədən çıxarış almaq üçün rüsumun baha olduğunu iddia edərək ötən illər ərzində bu çıxarışı almayıblar.
Günel CƏLİLOVA