Qərbin Rusiyaya sanksiyalarının, bu ölkə ilə müxtəlif istiqamətdə iqtisadi tərəfdaş olan Azərbaycana hansı təsirləri olacaq? Beynəlxalq media yazır ki, Ukraynaya hücum olan gün Rusiya milyarderləri 39 milyard dollar itiriblər.
ABŞ prezidenti Co Bayden fevralın 24-də deyib ki, Rusiyanın iqtisadi vəziyyəti daha da pisləşəcək. Qərb Rusiyanın dollar, avro, funt və yenə çıxışını məhdudlaşdıracaq ki, dünya iqtisadiyyatının tərkibi ola bilməsin.
Bu proseslərin Azərbaycana mümkün təsirindən danışarkən, təhlilçilərin üzərində dayandığı məqamlardan biri də Rusiya rublunun dəyərdən düşməsidir. Belə ki, Rusiyada qeyri-rəsmi rəqəmlərə görə, iki milyona qədər azərbaycanlı miqrant yaşayır.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, ötən ilin ilk 6 ay ərzində fiziki şəxslər Rusiyadan Azərbaycana 120 milyon dollara yaxın vəsait köçürüb. Bu, ötən dövrlə müqayisədə təqribən 26 faiz çoxdur.
Rusiya rublu isə fevralın 24-də, müharibə başlayan gün 7 faiz dəyər itirib. Rusiya milli valyutasında həm də dövlətin yatırımı var. Bütün bu hadisələrin fonunda Rusiyada dolların da qiymətinin kəskin bahalaşdığı müşahidə olunur. Proseslərin Azərbaycan iqtisadiyyatına hansı təsirləri ola bilər?
İqtisadçı Elçin Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, xüsusilə də idxal və ixrac əməliyyatları ilə məşğul olan fiziki və hüquqi şəxslərin bank əməliyyatlarında, kapital qoyuluşlarında həddən artıq ehtiyatlı olmaları hökmən vacibdir. Mənə elə gəlir ki, banklar artıq xüsusi forvard müqavilələri əsasında köçürmələrdə sığorta məsələlərini həll etməyəcəklər. Çünki sıçrayışlar həddən artıq yüksək ola bilər. Bu da Rusiya ilə əlaqəli biznes fəaliyyəti olan iş adamlarına ciddi problemlər yarada bilər. Bu yalnız bizim Rusiya ilə böyük həcmdə olan ticarət dövriyyəsinə bağlı olan məsələ deyil. Bizim Rusiya ilə yeni müqavilə imzalamağımızdan xoşlanmayan dairələr ola bilsin ki, sanksiyalardan bizim də ziyan çəkməyimizə çalışacaqlar.
Rəsmi Bakı mövcud siyasi reallığa uyğun addım atıb. Belə bir vaxtda iş adamlarına pul köçürmələrində, xarici sərmayələrdə, idxal və ixrac əməliyyatlarında ehtiyatlı olmağı tövsiyə edirəm. Rusiyada əmtəə qiymətləri kəskin düşsə də funksional beynəlxalq valyuta ilə əməliyyatlarda maliyyə risqləri yüksək ola bilər.
Burada iqisadi ilə yanaşı siyasi çalarların da rolu var”.
Məhəmmədəli QƏRİBLİ