Azərbaycana idxal edilən minimum istehlak səbətinin tərkibindəki ərzaq məhsullarına gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlər veriləcək. Bu, Baş nazir Əli Əsədovun imzaladığı “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncamda əksini tapıb.
Sərəncama əsasən, 2022-ci il ərzində idxal inflyasiyasının təsirinin azaldılması məqsədilə Dövlət Gömrük Komitəsi İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə idxal edilən və minimum istehlak səbətinin tərkibində ərzaq məhsullarına münasibətdə və konkret sahəni əhatə etməklə daxili istehsalda istifadə olunan aralıq məhsulların idxalına tətbiq edilən gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlərin verilməsinə, gömrükdə saxlanc və yükləmə-boşaltma xərclərinin optimallaşdırılmasına dair razılaşdırılmış təkliflərini 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
“Güzəştlərin tətbiq edilməsində məqsəd ərzaq məhsulları üzrə qiymətlərin optimallaşdırılması və xaricdə tətbiq olunan qiymət artımının yerli bazara təsirini minimuma endirməkdir”
Azərbaycana idxal edilən minimum istehlak səbətinin tərkibindəki ərzaq məhsullarına gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlər verilməsinin əhəmiyyəti haqqında danışan millət vəkili Vüqar Bayramov bildirdi ki, güzəştlərin tətbiq edilməsində məqsəd ərzaq məhsulları üzrə qiymətlərin optimallaşdırılması və xaricdə tətbiq olunan qiymət artımının yerli bazara təsirini minimuma endirməkdir: “Güzəştlər əsasən xaricdən idxal asılılığı olan və xarici bazarda qiymət artımı olan məhsullara edilə bilər. Bununla bağlı Dövlət Gömrük Komitəsi xarici bazarlarda qiymətlərin statistik monitorinqini aparıb, ölkəmizdə həmin məhsullara olan tələbatı öyrəndikdən sonra güzəştlər tətbiq olunacaq. Hazırda ərzaq məhsullarına əsasən 10 faizlik rüsum tətbiq olunur. Yeni qərarla bəzi ərzaq məhsulları üzrə bu rəqəm 0-a endirilə bilər. Dövlət Gömrük Komitəsi tətbiq ediləcək güzəştlərlə bağlı digər qurumlarla birgə təkliflər hazırlayaraq təsdiq üçün Nazirlər Kabinetinə təqdim edəcək”.
Günel CƏLİLOVA